METBUAT.AZ

Siyasət

Bu ölkə Rusiya silahlarından imtina edir -

15 Fevral 2024 10:31

"Hindistan Moskva ilə münasibətlərini gərginləşdirməməyə çalışsa da, Rusiyadan məsafə saxlamağa çalışır. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Dehlini öz siyasətini korrektəyə məcbur edib".

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi həm də hərbi texnikaların nümayişi xarakteri daşıyır: "Müxtəlif dövlətlər döyüşən tərəflərin hərbi texnikasını kənardan müşahidə və analiz edirlər. Görünür, Hindistan hökuməti müharibənin gedişatında bu qənaətə gəlib ki, Rusiyanın hərbi texnikasının keyfiyyətində ciddi problemlər mövcuddur.Bu müxtəlif araşdırmalarda da təsdiq olunub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu yayımladığı hesabatda göstərilib ki, son 20 ildə Rusiya Hindistanın silah və hərbi texnika ehtiyacının 65 faizini ödəyirdi. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra durum dəyişib. Hindistan ABŞ istehsalı olan silah və hərbi texnikaya maraq göstərməyə başlayıb. Amerikalı rəsmilər və generallar bu məqsədlə tez-tez hindli həmkarlarıyla görüşür, əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Hindistanın baş naziri Narendra Modi də Vaşinqtonla hərbi-texniki əməkdaşlığı dəstəkləyib. Modi bir müddət əvvəl ABŞ-a 4 günlük səfərində hərbi əməkdaşlığın inkişafı mövzularını da müzakirə etmişdi". Politoloq bildirib ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu Rusiyanın müxtəlif dövlətlərə, o cümlədən Hindistana hərbi texnika ixracının dəfələrlə azaldığını yazıb: "Misal üçün 2018-2022-ci illəri arasında azalma 31 faizdir. Digər tərəfdən Rusiya ona qarşı sanksiya tətbiq edən ölkələrə silah və hərbi texnika sata bilmir. Rusiya o ölkələrə də silah və hərbi texnika satmır ki, alan dövlət həmin silahları sonradan üçüncü dövlətlərə satmağa başlayır. Bu arada, Rusiya Hindistana neft satmaqda da çətinliklə üzləşib. Rusiyanın neftlə dolu tankerləri bir sıra hallarda Hindistan limanlarına yaxınlaşa bilmirlər. Çünki Rusiyanın neft şirkətləri satdıqları məhsulun əvəzinə rupi almaq istəmirlər. ABŞ-la münasibətləri gərgin olan Rusiya alqı-satqıda dollar tələb edir. Halbuki, Rusiya özü tərəfdaşları ilə razılaşmışdı ki, ticarətdə tədricən dollardan imtina etmək lazımdır. Ancaq bu qaydanı elə Rusiyanın özü pozur".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.