METBUAT.AZ

Siyasət

"Bu seçkilər dünyaya mühüm mesajlar verdi" -

8 Fevral 2024 13:18

“Yeddi fevral 2024-cü il tarixində bütün ölkə ərazisində keçirilən növbədənkənar prezident seçkisi təkcə zəfər və qələbə seçkisi kimi yadda qalmadı, eyni zamanda ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda keçirilən ilk prezident seçkisi idi”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Millət vəkili vurğulayıb ki, ölkəmiz bununla da dünyaya mühüm mesajlar verdi:


“Seçki prosesinin gedişatını izləyən xarici müşahidəçilərin də fikirlərinə nəzər yetirsək görərik ki, onlar da bu faktları təsdiq etdilər. 30 il ərzində işğal altında qalan torpaqlarımızda seçkilər keçirilməmişdi. Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi yaradılmışdı. Həmin məntəqələrin hər birində vətəndaşların seçki prosesində rahat iştirak edə bilməsi üçün bütün lazımı şərait qurulmuşdu. Biz bütün bunları çox müsbət hal kimi dəyərləndiririk”.

Məsələnin siyasi tərəfləri barədə danışan Arzu Nağıyev vurğuladı ki, Ali Baş Komandan cənab İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndində səsverməsi suverenliyimizin tam bərpa olunduğunu bir daha sübut etməklə bərabər seçki prosesinə xüsusi bir kalorit qatdı:


“Cənab Prezident məhz orda səs verməklə bütün dünyaya göstərdi ki, müstəqil Azərbaycanın xarici və daxili siyasəti güclüdür. Bütün bunlar bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran Liderdir. Azərbaycan xalqı bu dəfə də öz liderinə inam göstərərk hər bir vətəndaşının rifahını düşünən rəhbərinə səs verdi. Bunlar mühüm məsələlərdir.

Qarşıya qoyulan məqsədlər, yerinə yetirilməsi planlaşdırılan islahatlar istər siyasi, istərsə də iqtisadi cəhətdən davam etdiriləcəkdir. Bu gün Azərbaycanın inkişafı həm Cənubi Qafqaz, həm də region üçün mühüm əhəmiyyət kəsb edir. Artıq bütün dünya da bu reallıqları qəbul edir. Bölgəmizdə də sülhün və sabitliyin bərqərar olması istiqamətində addımların atılması mütləqdir.

Bir daha qeyd etmək istəyirəm ki, bu seçkilərdən sonra bütün istiqamətlərdə - həm iqtisadi, həm siyasi, həm mədəni, həm də hərbi sahədə ciddi reformalar davam etdiriləcəkdir. Məqsəd dünyaya Azərbaycanın həqiqətən müstəqil xarici və daxili siyasət yürütdüyünü bir daha nümayiş etdirərək onun da başında Azərbaycan vətəndaşının rifahı düşünən, bölgədə sülhün və sabitliyin bərqərar olması üçün əlindən gələni əsirgəməyən liderin dayandığını sübut etməkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.