23 Fevral 2024 13:05
"Qaz təhcizatı harda varsa, artıq orda təhlükənin olması deməkdir. Dəm qazından zəhərlənmə halları təhlükəsizlik tələbləri pozulduğu üçün baş verir. Çünki, qazın kimyəvi xassəsi yanır və düzgün istismar olunmadıqda dəm qazı əmələ gəlir".
Bu sözləri Metbuat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.
O bildirib ki, dəm qazı iysiz, dadsız, rəngsiz, havadan yüngül olan qazdır.
"Ona görə qaz təsərrüfatı olan yerdə mütləq qaz cihazları normativ standartlara cavab verməlidir. Cihazların quraşdırılmasına hər hansısa texniki qulluğun göstərilməsidə yalnız ixtisaslaşmış müəsssisə tərəfindən həyata keçirilməlidir. İlk növbədə standartlara cavab verən qaz cihazı qurulmalıdır və harda qurulması çox vacibdir. İlk nəzərə alınmalı olan amil havalandırılmadır. Yəni dəm qazını yaradan əsas amillərdən birincisi havalandırmanın olmamasıdır. Əgər qaz cihazı qurulan yerdə nəfəslik, havalandırma yoxdursa dəm qazı əleyhinə dedektiv yoxdursa, qaz cihazı standartlara cavab vermirsə, otağın həcmi nəzərə alınmadan cihaz quraşdırılıbsa, əlbəttəki dəm qazının yaranması qaçılmaz olur. Dəm qazı natamam yanma məhsuludur. Yanma prosesinin pozulması zamanı əmələ gəlir. Yəni qazın yanması üçün otaqda kifayət qədər hava olmalıdır".
Ekspert qeyd edib ki, qaz cihazı qeyri metal borularla çəkilməli deyil.
"Qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa, onda dəm qazı əmələ gəlir. Həmçinin qaz sobalarına kənar müdaxilələrin edilməsi də çox təhlükəlidir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır. Bundan başqa, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Əgər evin bacaları təmizlənməzsə, təbii ki, orada hava ventilyasiyası, sovrulması olmur və yanma prosesini də çətinləşdirir".
Elmar Nurəliyev onu da vurğulayıb ki, dəm qazı əsasən, hamam otağında və mətbəxdə əmələ gəlir. ona görə də dəm qazı əleyhinə dedektorların quraşdırılması vacibdir.
"Bu dedektorların işi olduqca funksionaldır. Dəm qazı yaranan kimi siqnalizasiya işə düşür və istifadəçinin bununla bağlı məlumatı olur. Dəm qazı əsasən hamam otaqlarında əmələ gəlir. Mütləq hamam otaqlarında diqqət yetirilməli olan amillər var. Hamam otaqlarında olan zaman nəfəsliklər mütləq açıq olmalıdır. İnsanlar yayda həmin nəfəslikləri açıq, qışda isə bağlı saxlayırlar. Hamam otaqlarında ventilyasiya olmalıdır, qapıların aşağı hissəsində isə mütləq dəliklər olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır Yayda isə qapı-pəncərələr çox vaxt açıq olur və hava ventilyasiya olduğuna görə dəm qazı da, demək olar ki, olmur. Bir otaqdakı hava kütləsinin 0,1 faizi dəm qazı olarsa, bu, insan ölümünə gətirib çıxarır. . Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar”.
Seyranə Quliyeva / Metbuat.az