METBUAT.AZ

Sağlamlıq

Düzgün qidalanmayanların nəzərinə:

16 Fevral 2024 13:12

“İmmunitetin azalması, qeyri-düzgün qidalanma (çox yağlı və acı yeməklərlə qidalanma, spirtli içkilərin həddindən artıq qəbulu), ağır fiziki iş, gigiyenaya düzgün riayət olunmaması, cinsi yolla yayılan infeksiyalar və s. amillər paraproktitin yaranmasına səbəb olur”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkimi Nərgiz İmanova deyib.

Həkim qeyd edib ki, həmin xəstəliklərin bir qismi nəticəsində bağırsaq divarının iç qatının tamlığı pozulub zədələnə bilər.

“Paraproktit həm də bağırsaq divarının, bağırsaqətrafı toxumanın travması nəticəsində də yaranır. Xəstə abses yaranmamış, iltihabın ilk mərhələsində həkimə müraciət etsə, bu zaman heç cərrahi əməliyyata ehtiyac yaranmır. Dərman və bir müddət yerli müalicə prosesi dayandırır. Abses yeni formalaşdığı halda həkim absesə ən uyğun hissəsindən müdaxilə edərək, onu boşaldır və prosesin xroniki formaya keçməsinin qarşısı alınır”.

Nərgiz İmanova bildirib ki, xəstəliyin sağalmasında özünəqulluq qaydalarına necə riayət edilməsi də əsas rol oynayır.

“Natəmizlik, gündəlik defekasiyanın tənzimlənməməsi, pəhrizə rayət olunmaması, paraproktitə səbəb olan xəstəliklərin vaxtında cərrahi müalicə olunmaması kəskin və xroniki paraproktitin yaranma riskini artırır. Cərrahi əməliyyatın keyfiyyətli icra olunması ilə yanaşı, əməliyyatdan sonrakı dövrdə aparılan müalicə və qulluq qaydaları da olduqca önəmlidir”.


metbuat.az.