METBUAT.AZ

Siyasət

Ərəb Parlamentinin sədri AŞPA-nı Azərbaycanla bağlı

13 Fevral 2024 17:48

Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

Bu barədə Metbuat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda deyilir: “Ərəb Parlamenti AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmamasına dair qəbul etdiyi qətnamə ilə tanış olub. Ərəb Parlamenti bu qətnamənin qəbul olunması ilə bağlı dərin təəssüfünü bildirir. Azərbaycan Respublikası ərəb dövlətlərinin yaxın dostu və strateji tərəfdaşı olmaqla yanaşı, həm Avropa, həm də dünya miqyasında mədəni müxtəlifliyin qorunmasında, həmçinin sivilizasiyalararası dialoqun təşviq olunmasında əhəmiyyətli rol oynayır.”

Qeyd olunur ki, Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür və qurumun fəaliyyətlərinin təşviqində, habelə təşkilatın məqsəd və prinsiplərinə nail olunmasında mühüm yer almaqdadır.
Azərbaycan qlobal səviyyədə gərginliyin azaldılması, münaqişələrin qarşısının alınması istiqamətində səylərini əsirgəməməkdədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu istiqamətdə əldə olunmuş uğurlar bunun əyani sübutudur.

Məktubda deyilir ki, Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi fəaliyyət göstərdiyi qısa müddət ərzində dialoq və əməkdaşlıq dəyərlərinin və prinsiplərinin təşviq olunmasında, həmçinin sülhün və tolerantlıq mədəniyyətinin yayılmasında qlobal rol oynamağa başlayıb.
Qeyd olunur ki, Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq çoxtərəfli təşkilatlar öz fəaliyyətlərində dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə əsaslanırlar. Belə təşkilatlar əməkdaşlığın genişləndirilməsi üçün platforma rolunu oynamaqla yanaşı, dünyada artan münaqişələr və fikir ayrılıqları zamanı güclərini və birliklərini itirməməlidirlər. Bundan əlavə, çoxtərəfli parlament diplomatiyası baxış nöqtələrini uzlaşdırmaq üçün bir vasitə olaraq qalmalı, hər hansı fikir ayrılığı qarşısında müqavimət divarı kimi çıxış etməli, sülh və tolerantlıq prinsiplərinin yayılması üçün əlavə dəyər olmalıdır.

Məktubun sonunda deyilir ki, Ərəb Parlamenti bir daha Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmaması ilə bağlı təəssüfünü bildirir, AŞPA-nın əsasını təşkil edən dialoqa və əməkdaşlıq prinsiplərinə zidd olan bu qətnaməyə yenidən baxılmasında AŞPA sədrinin şəxsi və peşəkar dəstəyinə ümid edir, AŞPA ilə Azərbaycan Milli Məclisini tez bir zamanda birbaşa dialoqa səsləyir.


metbuat.az.