28 Fevral 2024 10:16
"Cinayət Məcəlləsinin 75-ci maddəsi cəlbetmə müddətini əhatə edir. Belə ki, şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdə, az ağır cinayətin törədildiyi gündən 7 il, ağır cinayətin törədildiyi gündən 12 il, xüsusilə ağır cinayətin törədildiyi gündən 20 il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz". Bu zaman müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır".
Bu sözləri Metbuat.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin üzvü vəkil Vüqar Babayev deyib.
O bildirib ki, şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
"Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axını dayanır. Bu halda müddətin axını, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Əgər cinayət xüsusi amansızlıq olarsa, o artıq bu məsələyə məhkəmə qərar verəcək".
Qeyd ki, ötən illərlə bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir.
Həmin Keçirilmiş tədbirlər nəticəsində Kəngərli rayonunun Qaradağlar kənd sakini 1961-ci il təvəllüdlü Həlimə Kərimovanın 2003-cü ilin yaz aylarında ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əri 1958-ci il təvəllüdlü Məhəmməd Kərimovun baş nahiyəsindən daşla zərbələr endirərək qəsdən öldürməsi və yaşadığı evin həyətindəki su quyusunda basdırmasına əsaslı şübhələr müəyyən olunub. Həlimə Kərimovanın göstərdiyi yerdə prokuror-kriminalist və tibb sahəsində ekspertin iştirakı ilə aparılan qazıntı işləri nəticəsində insana məxsus sümük fraqmentləri aşkar edilərək müvafiq qaydada götürülüb və laborator müayinələrin, o cümlədən ekspert tədqiqatının aparılması üçün təqdim edilib.
Seyranə Quliyeva / Metbuat.az