METBUAT.AZ

Siyasət

Ermənistan konstitusiya aktı müddəalarının birində Türkiyə əraziləri Qərbi Ermənistan kimi vurğulanır

2 Fevral 2024 11:00

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, onlar yeni konstitusiya qəbul edəcəklər və burada “Qarabağın Ermənistana birləşdirilməsi ideyaları” olan bənd yer almayacaq. Bu, İrəvanda müxalifətin də sərt tənqidinə səbəb olub.

Mövzu ilə bağlı Metbuat.az-a danışan ekspert Elçin Mirzəbəyli bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana və digər qonşu dövlətlərə ərazi iddialarının irəli sürülməsi ilə bağlı konkret müddəa yoxdur. Bu müddəa Ermənistanın müstəqillik haqqında olan aktda yer alıb və Ermənistan konstitusiyasında da bu akta istinad olunub:

"Prinsip etibarı ilə akta yer alan hədəflərə çatmaq Ermənistan konstitusiyasında yer alıb. Müstəqillik haqqında konstitusiya aktında isə pleampura hissəsində Azərbaycan ərazisinin Ermənistana birləşdirilməsi ilə bağlı məqam var, yəni artıq mövcud olmayan, məhv edilmiş, Dağlıq Qarabağdan söhbət gedir.Eyni zamanda konstitusiya aktı müddəalarının birində də Türkiyə əraziləri Qərbi Ermənistan kimi vurğulanır. Təbii ki, hər iki müddəa dolayısıla həm də konstitusiyada istinad olunduğuna görə faktiki olaraq ərazi iddiası elan oluna bilər".

Ekspert qeyd edib ki, konstitusiya aktını referendum yolu ilə dəyişmək mümkündür:

“Konstitusiya aktının referendum yolu ilə indiki halda hansı hüquqi prosedur həyata keçirəcəyini sözün doğrusu, demək biraz çətindir. Bununda çıxış yolu konstitusiyadan Ermənistanın dövlət müstəqilliyi haqqında konstitusiya aktına istinadın çıxarılmasıdır və yaxud Ermənistan parlamenti tərəfindən həmin konstitusiya aktının dəyişdirilməsi və ya ləğv edilməsidir. Həmçinin qonşu dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsi ilə bağlı məqamın Beynəlxalq hüquq normalarına zidd olduğunun vurğulanması, vaxtilə qəbuledilən bu qərarın hüquqi baxımdan heç bir qüvvəsinin olmasının bəyan edilməsi, və konstitusiya aktının həmin müddalarının oradan çıxarılmasıdır".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.