METBUAT.AZ

Dünya

Ermənistan və Rusiya arasındakı münasibət düşmənçilik səviyyəsinə çatıb

23 Fevral 2024 11:54

"Ermənistanla Rusiya arasında münasibətlərin pozulmasının əsas səbəbkarı Nikoil Paşinyan və onun komandasıdır. Müharibədən sonrakı dövrdə açıq şəkildə Rusiyanın tənqid olunması, Beynəlxalq Ədalət Məhkəməsinin statusunun ratifikasiyası, bununla bağlı Praqada tədbirin keçirilməsi, digər tərəfdən ABŞ-ilə keçirilən hərbi təlimlər, Avropa İttifaqının mülki missiyasının Ermənistana yerləşdirilməsi və digər çoxsaylı hallar Rusiya və Ermənistan arasındakı münasibəti kökündən zədələyir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Ermənistan mediasında da Rusiya əleyhinə fikirlər söyləyən politoloq və ekspertlər geniş şəkildə bu məlumatları tirajlayır.

"İctimai rəydə Rusiya əleyhinə təbliğatın getdiyini deyə bilərik. Məhz bu səbəblər Ermənistan və Rusiya arasında olan strateji, hərbi müttəfiqliyi, dostluğu düşmənçilik səviyyəsinə qədər qaldırıb. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistanın Xarici İşlər Naziri, Təhlükəsizlik Şurasının katibi və baş nazir avropada olarkən Rusiya əleyhinə fəaliyyəti daha da inkişaf etdirirlər. Rusiya - Ukrayna müharibəsində tənqidçi rolunda çıxış edir. Paşinyanın həyat yoldaşı Kiyevə səfəri zamanı Ukraynaya dəstəyini nümayiş etdirirdi. Bütün bunlar İrəvan və Moskva arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olur. Nikoil Paşinyan Parisdə Makronla görüşündə də Rusiya əleyhinə fikirlərini bildirib. Bu ümumi fikirlər həm də mətbuatda dərc olunur. Paşinyan həmişə Qərb mediasına müsahibələrində də eyni siyasi xətti davam etdirir. İtaliyanın "Publika" nəşrinə müsahibəsi, "Teleqrafa" müsahibəsi birbaşa olaraq Rusiya ilə bağlı suallara həsr olunmuşdur və orada da aqressiv münasibət sərgilənirdi.

Politoloq qeyd edib ki, ümumilikdə münasibətlərdə olan problemlərin gələcəkdə də davam etməsi gözlənilir.

"Paşinyan və onun komandasının tutduğu siyasi yol məhz Rusiya əleyhinə olan siyasi xətti özündə birləşdirir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkitalı Avrasiya birliyindən çıxaraq, Qərbin yaratdığı formasiyalara inteqrasiya etmək Paşinyanın əsas niyyətidir".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.