METBUAT.AZ

Siyasət

Ermənistanın qəbul etmədiyi məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır

28 Fevral 2024 14:39

"Xarici işlər nazirlərinin görüşündən hər hansısa nəticənin çıxacağı ehtimalı azdır. Çox güman ki, yenə tərəflər arasında sülh danışıqlarının davam etdirilməsi ilə bağlı ümumi bəyanatlar veriləcək. Çünki, iki dövlət arasında sülh sazişiniz imzalanması ilə bağlı ciddi fikir ayrılıqları var. Hal-hazırda fikir ayrılıqları daha da dərinləşib. Bu situasiya fonunda nazirlər arasında hər hansısa bir razılaşmanın olacağı gözlənilmir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, bu görüşün keçirilməsində ümumiyyətlə Qərbin və Ermənistanın maraqları var.

"Ermənistan bu görüşdə Qərb platformasının ön plana çıxması və gündəliyinin qəbul edilməsi, yaxud ən azı Bakının tələbləri qarşısında müəyyən dəstək əldə etmək üçün maraqlıdır.Çünki ,Ermənistanın qəbul etmədiyi məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Hansı ki, onun öhdəliyi var idi. Ermənistan bundan imtina edir. Bu məsələdə Qərb həmişə Ermənistanın mövqeyindən çıxış edib. Qərbdə ona görə bu məsələdə Ermənistanın mövqeyindən çıxış edir ki, bu dəhlizin Rusiyanın nəzarətində olmasını istəmir. Əgər dəhliz açılarsa onun təhlükəsizliyini Rusiya təmin etməlidir. Qərb bunu qəbul etmədiyi üçün Ermənistanın tərəfindən çıxış edir. Ermənistan da ümid edir ki, Qərb platformasında bu proses davam edərsə, danışıqlar yenidən bərpa olunarsa, onun kommunikasiyanın açılması ilə bağlı istəyi qəbul olunacaq. Azərbaycan bunu qəbul etmək məcburiyyətində qalacaq. Ona görə də Qərb danışıqların aparılmasında daha çox maraqlıdır".

Politoloq qeyd edib ki, Azərbaycan danışıqların ikitərəfli formatda davam etdirilməsini istəsə də, Qərb platformasında iki səbəb görə iştirak edir.

"Birinci səbəb odur ki, Qərb platformasından davamlı şəkildə imtina etmək təzyiqlərin edilməsinə və Avropada Ermənistanın mövqeyinin güclənməsinə şərait yarada bilər. Digər səbəb isə Aİ-nın vasitəçiliyində Fransaya qarşı Almaniyanı alternativ kimi istifadə etməklə balans yaratmağa çalışmaqdır".

Asif Nərimanlı onu da vurğulayıb ki, bu görüşə getmək Bakının gündəliyinə hansısa dəyişiklik etməsi demək deyil.

"Əliyev də Xocalıda bəyan etdi ki, “yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”. Bu baxımdan, Münhen razılaşmasına əsasən nazirlərin Berlində bir araya gəlməsinin sülh prosesində köklü irəliləyişə zəmin yaradacağı ehtimalı azdır".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.