METBUAT.AZ

Siyasət

Ermənistanla yeni müharibə olacaq? -

15 Fevral 2024 12:19

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.

13 fevral tarixində Azərbaycan DSX-nin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində erməni ordusunun döyüş postu darmadağın edilib.

Bir neçə gündür şərti sərhəddə Ermənitan tərəfindən edilən təxribatlarla bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov Metbuat.az-a bildirib ki, Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təhdid edəcək hər hansı bir vəziyyətə cavab verməyə daim hazırdır:


“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı, Prezident İlham Əliyev andiçmə mərasimində bir daha mesajını verərək bildirib ki, əgər ərazi bütövlüyünə hər hansı təhlükə yaranarsa, Azərbaycan dövləti dərhal cavab addımlarını atacaqdır.

Hazırda Azərbaycan ordusu, Sərhəd Xidmətinin hərbi hissələri şərti sərhəddə bütün əməliyyat şəraitini nəzarət altında saxlayırlar. Hətta son hadisələrlə bağlı təqdim olunan videomateriallar bir daha onu göstərib ki, Azərbaycan ordusu vəziyyətə nəzarət edir.

Düşünürəm ki, Ermənistan hər hansı növbəti təxribata imkan yaratsa, Azərbaycanın cavabı çox təsirli olacaq. Bunu Azərbaycan dövləti də gizlətmir. Əgər Ermənistan hansısa eskalasiya tədbirlərini genişlədərsə, istisna deyil ki, Azərbaycan tərəfi buna qarşı tədbir görməyəcək.”.

Azərbaycanla Ermənistanın hələ də müharibə şəraitində olduğunu qeyd edən polkovnik bildirib ki, biz ərazi bütövlüyümüzü bərpa edib, işğalçıları torpağımızda darmadağın etsək də, bu, hələ sülh demək deyil:

“Azərbaycan sülhə kökləndiyini beş prinsip əsasında öz təkliflərini verib, sülh müqaviləsi ilə bağlanması ilə bağlı dəfələrlə danışıqlarda iştirak edib. Ancaq hələ də sülh müqaviləsi bağlanmayıb. Ermənistanın sülh masası ətrafında oturmasına mane olan qüvvələr var.

Onlar Ermənistanın hərbi siyasi rəhbərliyinə, rektoratına da təsir göstərə bilir. Biz Ermənistan Baş naziri Nikol Paşinyanın həm ikiüzlüyü, həm də öz dövlətində, əhali arasında elə də böyük nüfuza malik olmadığını görürük. Heç vaxt müstəqil qərar verə bilməyən Ermənistan indidə havadarlarının fikirləri əsasında qərar verir. Son sərhəd hadisəsində Azərbaycan tərəfi Ermənistana üzrxahlıq üçün şərait yaratsa da, təəssüflər olsun ki, onlar tərəfdən müraciət olmadı.

Avropanın son zamanlar Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək üçün Ermənistandan Azərbaycana qarşı məqsədyönlü təzyiq aləti kimi istifadə etməsi tərəflər arasında sülhə gedən yolda manelərin yaranmasına səbəb olur.

Əgər Ermənistan bir daha Azərbaycanın hava məkanını hansısa şəkildə pozmaq istəsə, Azərbaycanın yetərli qədər gücü var ki, buna qarşı tədbirlər görülsün. Ehtiyac yaranarsa bizbir daha “Dəmir yumruğu” işə salaraq, Azərbaycan nəyə qadir olduğunu göstərə bilərik”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.