METBUAT.AZ

Ölkə

Əvəz Zeynallının gözü tutuldu -

9 Fevral 2024 19:26

Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifəsində işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Metbuat.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bəzi sənədlər elan edilib.

Hakim bildirib ki, Cəlilabad rayon sakinlərindən 366 nəfərin məhkəməyə müraciəti daxil olub. Bildirilib ki, Elnur Şükürovun ailə üzvləri Yeni Azərbaycan Partiyasının üzvüdür. Himayəsində azyaşlı xəstə övladı var. Eyni zamanda, yoldaşı ağır epilepsiya xəstəliyindən əziyyət çəkir. Bunları nəzərə alaraq, Elnur Şükürovun ev dustaqlığına buraxılmasını istəyiblər.

Daha sonra, Rəşad Əliyev Əvəz Zeynallının səhhəti ilə bağlı vəsatət qaldırıb. Bildirib ki, sol gözündə görmə qabiliyyətini tamamilə itirib. Bununla bağlı, əlavə tədbirlərin görülməsini məhkəmədən istəyib.

Əvəz Zeynallı noyabrda müayinə olunduğunu və nəticələrdən həkimlərin onun əməliyyat olması qərarını verdiyini qeyd edib: “Həmin vaxtda artıq 4 ay keçib. Sol gözüm tamamilə tutulub. Əməliyyat olmalıyam”.

Hakim məsələ ilə bağlı Pentensiar Xidmətə və Ədliyyə Nazirliyinə tibbi yardım göstərilməsi üçün müraciət olanacağını bildirib.

Bundan sonra, Aqil Layıc çıxış edib. O, müdafiə etdiyi şəxsin cinayət törətmədiyini deyib: “Əsas iki epizod üzrə ittiham olunur, onlar isə inandırıcı deyil. Əvəz Zeynallı cinayətkar deyil. Sabiq sosial müdafiə naziri Səlim Müslümova göstərilən humanist yanaşmanın Əvəz Zeynallıya da göstərilməsini istəyirik”.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.

İttihama görə, Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunub. Ona qarşı ilk ittiham “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınmasıyla bağlı olsa da, sonradan yeni ittihamlar da irəli sürülüb.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.


metbuat.az.