26 Fevral 2024 15:25
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətdə təqsirləndirilən “Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Metbuat.azın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əvəz Zeynallı 9 il, E.Şükürov isə 4 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.