5 Fevral 2024 16:10
“Hazırda Azərbaycan Ermənistan şərti sərhədində nisbi sakitlik hökm sürsə də, Ermənistan tərəfinin davranışları Azərbaycanı dərindən narahat edir. Ermənistan tərəfi daha əvvəl imzaladığı bəyanat üzrə öhdəlikləri yerinə yetirmək əvəzinə gündəmə birgə bəyanatda əksini tapmayan və sülh sazişi üzrə danışıqlar prosesində müzakirə olunmayan mövzuları gündəmə gətirir”.
Bunu Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Müsahibimiz xatırladıb ki, Ermənistan tərəfi birgə bəyanatda imzalanan və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən üzərinə götürülən öhdəlikləri, xüsusilə də Zəngəzur dəhlizinin açılmasını hələ də həyata keçirməyib.
“Qarabağda rusların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindən Ermənistan tərəfi silahlı qüvvələrini çıxarmamışdı. Bu funksiyanı Azərbaycan ordusu yerinə yetirdi. Digər tərəfdən isə Ermənistan delimitasiya prosesini kifayət qədər uzun müddətə yayaraq prosesin həll olunmasını yubadır.
Ermənistan üzərinə götürdüyü bu öhdəliklərin əvəzinə Azərbaycana sərhədlərdən güzgü prinsipi ilə geri çəkilməyi təklif edir. Bununla da kifayətlənməyib, gah hücum etməmək barədə pakt imzalamağı, gah Azərbaycana konstitusiyasında Ermənistanla bərabər dəyişikliklər etməyi, gah da silahlarla bağlı qarşılıqlı və birgə nəzarət mexanizmi təklif edir. Halbuki bu təkliflərdən heç biri birgə bəyanatda yoxdur”.
Ermənistan tərəfinin sülh sazişi imzalamaqda maraqlı olmadığını vurğulayan Ədalət Verdiyev düşünür ki, Ermənistan Azərbaycana qarşı müqavimət potensialını çoxdan itirib:
“Ermənistan təkbaşına bizə qarşı müqavimət göstərmək və düşmənçilik münasibəti sərgiləmək imkanlarına malik deyil. Ümumiyyətlə, bütün bu fəaliyyətlər Fransa tərəfindən tətiklənir. Fransa birmənalı olaraq Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasına imkan vermir. Azərbaycan- Ermənistan şərti sərhəddində fransalı generalların təftiş məqsədilə Avropa missiyasını ziyarət etməsi bir daha onu deməyə əsas verir ki, Azərbaycana qarşı fəaliyyətlər Fransanın tərəfindən idarə olunur. Məhz Fransanın Azərbaycan sərhədlərində növbəti təxribatlara hazırlaşdığı da fransız generalın son səfəri ilə təsdiqlənir”.
Gülbəniz Hüseynli / Metbuat.az