METBUAT.AZ

Ölkə

Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb

23 Fevral 2024 21:12

Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində olub.

Metbuat.az-ın məlumatına görə, müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev səlahiyyətli nümayəndəyə silahlanmada olan və silahlanmaya yeni daxil olunmuş silah və texnikanı təqdim edilərək onların taktiki texniki xüsusiyyətləri haqqında qısa məlumat verib.

F.Nəcəfli hərbi hissənin şəxsi heyətinin döyüş qabiliyyətinin yüksəldilməsində, praktiki vərdişlərinin təkmilləşdirilməsində, silah və texnikanın bacarıqla idarə olunmasının öyrədilməsində istifadə olunan təlim maddi baza ilə tanış olub, birləşmə və hissələrin idarəetmə məntəqələrinin işini təmin edən rabitə avadanlıqları və texniki vastitələrə baxış keçirib.

Səlahiyyətli nümayəndəyə Hərbi Hava Qüvvələrinin təyyarə, helikopter və pilotsuz uçuş aparatları haqqında, eləcə də onların qorunub saxlanılması və istismarı barədə də ətraflı məlumat verilib.

Daha sonra səlahiyyətli nümayəndə hərbi hissənin texniki-istismar hissəsində olaraq texnikaya göstərilən qulluqla maraqlanıb, texniki və xidməti otaqların təyinatı ilə tanış olub.

Şəxsi heyətin qidalanma şəraiti və hərbi hissənin qərargahında yaradılmış şəraitlə tanış olan F.Nəcəfli hərbi hissənin kollektivinə xidmətlərində uğurlar arzulayıb.


metbuat.az.