27 Fevral 2024 13:33
32 il bundan öncə Xocalıda yüzlərlə vətəndaşımız əzizlərini, yaxınlarını itirdilər.
Onlar üçün həmin qarlı gecə yaddaşlarını qanlı gecə kimi bir dəfəlik iz saldı. Xocalıda 60-dan çox qohumunu itirən Ceyran Əzizova həmin dəhşətli gecəni Metbuat.az-a danışıb.
1964-cü ildə Xocalıda anadan olan Ceyran xanım 1983-cü ildən 1992-ci il fevralın 13-dək Xocalıda uşaq bağçalarının baş mühasibi işləyib. 1989-cu ildə Xocalı sakini Vasif Məmmədovla ailə həyatı qurub və birgə nikahlarından iki övladı var.Ceyran xanım deyir ki, soyqırım törədilən gecə həyat yoldaşı döyüşdəymiş:
“ Həmin gecə mən də bütün xocalılar kimi ailəmi, qohumlarımı doğmalarımı itirdim. O vaxtlarda yoldaşım Xocalının özünün müdafiə batalyonunda döyüşürdü. Mən ayın 13-dəiki övladımla bərabər axıncı vertolyotla çıxmışdım. Həyat yoldaşım qardaşı, anası, böyük qardaşımın 17 yaşında oğlu ilə Xocalıdaydılar. Soyqırımı törədilən gecə, onlar da on minlərlə Xocalı sakini kimi, meşələrə üz tutublar. Çünki artıq Xocalının müdafiə xəttini ermənilər qırmışdılar. Meşədə qaynımı ermənilər snayper gülləsi ilə vurublar. Mənim qaynanam qaynımın üz-gözünü bağlayıb kolluqda gizlədiblər ki, qurt-quş yeməsin. Yoldaşım yolun yarısında qaynanama deyir ki, geri qayıdıb qardaşının ölüb-ölmədiyini yoxlamaq istəyir. Həmin kolluğa qayıdıb baxanda görür ki, qardaşı artıq ölüb. Sonra mənim həyat yoldaşım qohumumuz, Milli Qəhrəman Araz Səlimova köməyə gedəndə mühasirəyə düşüb. Ermənilər Arazın bacısı və bacısı uşaqlarını girov götürüb, Arazdan və yoldaşımdan təslim olmasını istəyiblər. Bütün qadınlar, uşaqlar həmin mühasirədə olub. Mübarizə aparsalar da, ermənilər təslim olmaqlarını, əks halda qadınları və uşaqları öldürəcəklərini deyirlər. Məcbur olub, silahı yerə yerə qoyurlar. Ermənilər əsirləri aparanda yoldaşım anasına deyib ki, anası olduğunu deməsin. Çünki onu geri qaytarmayacaqdılar. Üç gün sonra qaynanam əsirlikdən üst-başı qan içərisində geri qayıtdı. Qaynımın öldüyünü qaynanam bizə desə də, həyat yoldaşım Vasifin öldüyünü bilmirdik.Mart ayının ikisində əsirləri dəyişmək haqqında söhbət gedirdi. Bu vaxt 86 meyit gətirdilər.O meyitlərin içərisində həyat yoldaşım Vasif Məmmədov da var idi.
Həmin günü bizə dörd şəhidin nəşi gəldi. Onlardan biri qaynım, biri həyat yoldaşım, bir böyük qaynımın 17 yaşında oğlu, biri də yoldaşımın xalasının həyat yoldaşı idi. Biz onların dördünü də həmin günü dəfn etdik. İkisini Ağdamın Tərnöyüt kəndində, baldızımın yoldaşı Ağdamınatçılıq zavodunun həyətində, qaynımı da Uzundərədə dəfn etdik. Mən atam isə beş gün sonra donmuş vəziyyətdə meşədə tapılıb və həyatını da belə itirdi”.
Bu qədər ağrını, acını, kədəri ürəyində dağa çevirib həyatla mübarizədən vaz keçməyən Ceyran xanım deyir ki, ömrünün 32 ilini insan yaşayışı üçün nəzərdə tutulmayan yerlərdə yaşayaraq, həyatını pis yaxşı davam etdirməyə müvəffəq olub:
“Belə dəhşətləri Allah kimsəyə göstərməsin. Biz övladlarımızıböyütdük, nəvələrimiz var. Ali Baş komandanımızın müzəffər ordumuzun, xalqımızın birliyinin, qazilərimizin veteranlarımızın, dostların, dost ölkələrin dəstəyi sayəsində torpaqlarımız azad olundu. İşğaldan azad edildikdən sonra, Xocalıya getmək mənə nəsib oldu. Bu hissi yaşamaq nə qədər ağrılı olsa da, mən gedib o torpaqları yenidən gördüm. Xocalı, demək olar ki, 80-90 faiz dəyişib. Həmin Xocalıdan əsər-əlamət qalmayıb. Çaylar qUruyub, ağaclar kəsilib. Evlərimizi ermənilər özlərinə uyğun düzəldib eləcə istifadə ediblər. 32 ildir onlar mənim təzə tikib qoyub getdiyimiz evimdə yaşayıblar, mən isə zibillikdə ömrümün bu çağına qədər gəlib çıxmışam. Artıq iyun ayında evimizə qayıdacayıq. İndi həmin torpaqlarda bərpa, quruculuq işləri davam etdirilir. Bizim evimizdə onların arasındadır. Sağ olsun dövlətimiz!”.
Bir ildir Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinə sədr seçilən Ceyran xanım bu qısa müddət ərzində soyqırımın tanıdılması, faciə qurbanlarının ailələrinə dəstək, onların ictimaiyyətə təqdim edilməsi və s, istiqamətdə bir çox işlər görüb:
“Çalışıram ki, yaddan çıxan, heç adları çəkilməyən, kölgədə qalan, qapıları döyülüb, könülləri xoş edilməyən ailələri tapıb, onları cəmiyyətə tanıtdırım. Bizdə elə ailə var ki, həyat yoldaşı, iki oğlunu, ailəsinin əksəriyyətini itirib. Bunlar balaca dərd deyil. Qızım, elə dərdlər var ki, onları görəndə öz dərdini dərd saymırsan.
Ailələrlə mütəmadi görüşürük, əlaqə saxlayırıq. Sosial şəbəkədən qruplar yaratmışıq. Onlarla hər gün əlaqə saxlayıram. Heç olmasa bir xoş sözlə könülərini xoş edirəm. Mən səhhətimlə bağlı bu işlərə ara versəm də, yenə də fəaliyyətimin başındayam.
Mənim sosial şəbəkədə Rusiyadan, Hollandiyadan, Amerikadan, Almaniyadan, Türkiyədən olan dostlarım var. Mən onlara demək olar ki, mütəmadi olaraq Xocalı haqqıda danışırıq. Xocalı soyqırımı günü mənə dünyanın hər yerindən başsağlığı gəlir. Bunun üçün onlara da təşəkkür edirəm. Planımız hədəfimiz gələcəkdə xarici ölkələrdə Xocalı soyqırımının tanıdılmasını üzbəüz canlı təbliğatla yaymaq, Xocalı soyqırımını digər dövlətlər tərəfindən qəbul olunmasına gücümüz çatan qədər töhfəmizi verməkdir. Biz 26 fevral tarixində tədbir keçirdik. Qeyri hökumət təşkilatı olaraq çay ehsanı süfrəsi arxasında görüşdük. Tədbirimizin adı “Bakıda onuncu Xocalı soyqırımının anım tədbiri” idi. Biz gedirik və o tədbirləri Xocalımızda abidəmizin önündə, şəhidlərimizin evində bərabər qeyd edəcəyik. Allah onu bizə nəsib edəcək”.
Gülbəniz Hüseynli / Metbuat.az