18 Fevral 2024 20:11
Sinoptiklərin məlumatına görə, ölkənin dağlıq və dağətəyi rayonlarında qarlı və şaxtalı hava şəraitinin fevralın 21-dək davam edəcəyi gözlənilir. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir. Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə çaşqınlıq hissi yaranır. Bu isə idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır.
“Dəyərli sürücülər! İnanırıq ki, yol və hava şəraiti, sürət həddi, avtomobillərin qışa hazırlıq səviyyəsi, eləcə də sizin təhlükəsizliyiniz üçün verilmiş digər tövsiyələrə əməl etməklə qış fəslinin gətirdiyi çətinliklərin öhdəsindən gələcək, doğmalarınıza nigaranlıq hissi yaşatmayacaqsınız”, - deyə nazirlikdən bildirilib.