8 Fevral 2024 14:00
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Metbuat.az xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan hökumətinin dəvəti ilə 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün İƏT Baş Katibliyinin yüksək səlahiyyətli müşahidəçi heyəti göndərilib.
Seçkilər ölkənin hər yerində keçirilib. İƏT heyəti seçkilərin hər üç mərhələsini - səsvermədən öncə hazırlığı, səsvermə gününü və səslərin sayılmasını - müşahidə edib. Heyət həmçinin aidiyyəti qurum və partiyalarla görüşüb və səsvermənin gedişi ilə bağlı məlumat alıb. İƏT heyəti monitorinq funksiyalarını yekunlaşdıraraq seçki prosesinin şəffaf, azad və mütəşəkkil şəraitdə, seçicilərin siyasi və vətəndaş hüquqlarından istifadə etmək üçün yüksək fəallığı ilə keçirildiyini qeyd edib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.