20 Fevral 2024 14:24
"Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri çox mühüm əhəmiyyət kəsb edir. Çünki artıq bu ənənə halını alıb. Əsas məqam da ondan ibarətdir ki, İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra ilk səfərini məhz Türkiyəyə etdi. Vaxtilə cənab Ərdoğan da prezident seçiləndə məhz ilk səfərini Azərbaycana etmişdi. Məlumdur ki, Türkiyə və Azərbaycan arasında əsas prinsip bir millət, iki dövlət kimi dəyərləndirilir".
Metbuat.az xəbər verir ki, bu sözləri deputat Arzu Nağıyev açıqlamasında deyib.
Deputat qeyd edib ki, burada xarici siyasətdə olduğu kimi tək siyasi maraqlar deyil, dostluq, eyni zamanda iki liderin bir-birinə olan münasibəti də öz töhfəsini verməkdədir.
"Bu gün artıq Türkiyə və Azərbaycan arasında iqtisadi cəhətdən çox mühüm layihələr var. Artıq bir-birimizlə elə böyük mübadilə var ki, bu, bir çox sahələri əhatə edir. Yol xəritəsi müəyyənləşdirilib. Bu həm bu il, həm də gələcək üçün çox fayda verəcək. Bundan başqa enerji sahəsində əməkdaşlıqda çox mühüm istiqamətdir. Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı, İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin qısa zamanda başa çatdırılması, təhsil sahəsində olan qarşılıqlı layihələrimiz, müxtəlif universitetlərin yaradılması və s. ən böyük layihələrdəndir". Deputat bildirib ki, BMT-nin iqlim dəyişişikliyi üzrə konversiyasının tərəflər konfransının məhz Azərbaycanda keçirilməsi, COP29-a Azərbaycanın ev sahibliyi etməsi Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir: "Türk dövlətləri təşkilatında Azərbaycanın və Türkiyənin birgə iştirakı çox böyük əhəmiyyət daşıyır. Bu gün artıq Kipr Türk Cümhurriyətinin zirvə toplantısına qatılması çox mühüm əhəmiyyət kəsb edir. Şuşa bəyannaməsinin imzalanması ölkələrimiz arasında münasibətləri artıq müttəfiqlik səviyyəsinə çatdırıb. Bir daha dünyaya göstərdik ki, bir millət dövlət olmaqla yanası, biz siyasi və iqtisadi sahədə də biri birinə dəstək olan dövlətlərik".
Seyranə Quliyeva / Metbuat.az