1 Fevral 2024 12:02
Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bundan sonra teatrın direktoru vəzifəsini Samir Şəfiyev icra edəcək.
Qeyd edək ki, Samir Nizaməddin oğlu Şəfiyev 1981-ci il sentyabr ayının 7-də Sumqayıt şəhərində doğulub. O, 2003-cü ildə Əlibəy Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirib. Bir çox görkəmli sənətkarlardan, habelə mərhum teatr rejissoru, Azərbaycanın Xalq artisti Azərpaşa Nemətovdan dərs alıb.
S.Şəfiyev 2006-2009-cu illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında rejissor assistenti, daha sonra rejissor vəzifələrində çalışmaqla, bir neçə tamaşanın rejissoru və quruluşçu rejissoru kimi fəaliyyət göstərib.
2009-cu ildə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Sumqayıt şəhər 4 saylı kluba müdir vəzifəsinə təyin olunub. 2012-ci ildən N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Evinin, 2015-ci ildən bu günədək isə N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Sumqayıt şəhərində təşkil olunan bir sıra mədəni-kütləvi tədbirlərin ssenari müəllifi və rejissoru kimi fəaliyyət göstərib.
Bir neçə il Rusiyada və Türkiyədə keçirilən beynəlxalq festivallarda iştirak edib və müxtəlif diplomlara layiq görülüb. Çalışdığı illər ərzində səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub.
Xatırladaq ki, S.Şəfiyev mərhum kinoaktyor, Əməkdar artist Səyavuş Şəfiyevin və Əməkdar mədəniyyət işçisi, mərhum Gülçöhrə Şəfiyevanın nəslindəndir.
Ailəlidir, iki övladı var.