1 Fevral 2024 10:41
Nikaha daxil olmağı arzu edənlər Azərbaycan Ailə Məcəlləsinin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməklə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə nikaha daxil olmaq barədə şəxsən yazılı ərizə verəcəklər.
Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında”, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” qərarlarda dəyişiklik edilib.
Dəyişikliyə əsasən, nikaha daxil olmaq haqqında ərizə təqdim edildikdə qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə əldə edilir. Bu mümkün olmadıqda həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə edilir.
Ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsində dövlət qeydiyyatına alınır.
Nikah qeydiyyat şöbəsi və konsulluq idarəsində pozulduqda nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstərilir. Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş nikahın pozulması barədə qanuni 3 qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparılır.
Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda həmin çıxarışa əsasən nikah haqqında akt qeydi ləğv edilir, bu halda şəhadətnamə verilmir. Akt qeydinin digər nüsxəsinin də ləğv edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Məhkəmənin qətnaməsinə əsasən ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.
Həmçinin, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş adın, ata adının və soyadın dəyişdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, habelə konsulluq idarəsi tərəfindən aparılır.