METBUAT.AZ

Gündəm

"Nikosayağı"nı bu qədər cəza gözləyir -

6 Fevral 2024 10:08

Ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən, “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlini gözləyən cəza müddəti açıqlanıb.

Metbuat.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim bildirib ki, N. Şakirlinin təqsiri sübuta yetiriləcəyi halda o, 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

İttihama görə, N.Şakirli alkoqollu içkinin təsiri altında avtomobil idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olub. Qeyd edilir ki, o, sürət həddi 70 km olan olan yolda avtomobili 90-100 km sürətlə idarə edib. Qeyd edilən əmələ görə, Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Metbuat.az


metbuat.az.