7 Fevral 2024 12:42
Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyində səsvermə keçirilir.
Metbuat.az xəbər verir ki, 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyində yaradılmış 39 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) başlayıb.
Seçki komissiyasından bildiriblər ki, Zəfər seçkilərində vətəndaşlarımız fəal iştirak edirlər. Onlar arasında ilk dəfə səs verən gənclər də var.
Seçkilərdə ilk dəfə iştirak edən Yəhya Muxtarov bildirib ki, qalib ölkənin vətəndaşı kimi Zəfər seçkilərində iştirak etmək olduqca qürurludur: “Moldovada ilk dəfə seçkilərdə iştirak edən seçicilərin hamısı özlərini çox xoşbəxt sayırlar. Həmçinin ilk dəfə olaraq bütöv Azərbaycanda səsvermə keçirilir”.
Qeyd edək ki, Azərbaycanın Moldova Respublikasındakı səfirliyi tərəfindən müvafiq inzibati və təşkilati-texniki tədbirlər görülüb. Bu ölkədə 100-dən artıq Azərbaycan vətəndaşının iştirakı gözlənilir.
Moldova səfirliyindəki seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatacaq.
Məlumat üçün onu da qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 məntəqədə səsvermə keçirilir. Məntəqələr səfirliklərdə və konsulluqlarda yaradılıb.