22 Fevral 2024 13:43
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçkilərdən sonra qardaş Türkiyəyə məhsuldar keçən ilk rəsmi səfəri iki ölkə arasında əməkdaşlığa töhfə verən qardaşlıq nümunəsidir”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Hər zaman Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərin fərqli olduğuna diqqəti yönəldən politoloq qeyd edib ki, birgə fəaliyyətimiz strateji əhəmiyyəti ilə də seçilib:
“Vətən müharibəsindən sonra Şuşada imzalanan Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasında olan münasibətlər hərbi müttəfiqlik səviyyəsinə qalxıb. Bu gün Şuşa bəyannaməsi regional sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasında əsas hüquqi sənəddir. Digər tərəfdən, ikitərəfli görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat, hərbi, texniki əməkdaşlıq və digər sahələrdə müzakirələr həyata keçirildi. Bu xüsusda qeyd etməliyik ki, imzalanan sənədlərin əhəmiyyəti çox böyükdür”.
Azərbaycan Türkiyə Birgə Universitetinin təsis olunmasının ən mühüm məqam olduğunu vurğulayan analitik düşünür ki, bu, təkcə təhsil ocağı, müəssisəsi kimi yox, iki ölkə arasında əməkdaşlığa töhfə verən və uzun müddətə hesablanan birgə müəssisədir:
“Bizim üçün əsas amillər sırasında türk dövlətləri təşkilatının genişlənməsi, türk ailəsinin inkişafı və tərəqqisini də qeyd etməliyik. Cənab Prezident Milli Məclisdə andiçmə mərasimində də qeyd etdi ki, “Bizim ailəmiz, türk ailəsi də, başqa ailəmiz yoxdur. Başqa yerə getmək də doğru deyil, bizə də heç yanda gözləmirlər”. Bu, çox səmimi, düzgün bir analizin nəticəsidir. Buna görə biz türk ailəsinin daha güclü olmasına, daha möhkəm təməllər üzərində dayanmasına, mütəşəkkillik qazanmasına çalışmalıyıq”,- sitatın sonu.
Gülbəniz Hüseynli / Metbuat.az