8 Fevral 2024 11:34
"Dövlət başçısı İlham Əliyevin Xankəndidə səs verməsi strateji əhəmiyyət daşıyırdı. Azərbaycan ərazisində separatizm Xankəndidə başlamışdı, Xankəndidə də bitdi".
Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, İlham Əliyev məhz Xankəndidə səs verməklə, beynəlxalq aləmə ciddi bir mesaj göndərmiş oldu. Mesajın mahiyyəti bundan ibarətdir ki, artıq Azərbaycan ərazi bütövlüyünü təmin edib:
"Bəziləri bunu inkar etməyə çalışsa da, Xankəndi Azərbaycanın şəhəridir və əbədi olaraq belə qalacaq. Hətta hesab edirəm ki, Xankəndi əgər andiçmə mərasimi üçün seçilsə, bunun da strateji əhəmiyyəti ola bilər. Çünki, bəzi səfirlər Xankəndiyə getmək istəmirlər, amma andiçmə mərasiminə qatılmaq məcburiyyətindədilər. Qatılmasalar, bu onların Azərbaycana xoş olmayan mesajı ola bilər. Ona görə düşünürəm ki, həm səsvermənin orada keçirilməsi, həm andiçmənin keçirilməsi növbəti ciddi mesajımız olacaq. Biz bu səsvermə ilə problemə son qoyduq, Prezident bir daha göstərdi ki, artıq Qarabağ problemi yoxdur".
Seyranə Quliyeva / Metbuat.az