9 Fevral 2024 21:25
ABŞ hakimiyyəti Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə danışıqlara getməmək üçün inandırmaqla səhvə yol verib və onlar bu vəziyyətdən ləyaqətlə çıxmaq barədə düşünməlidirlər.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Kiyev danışıqlardan yayınırsa, mən bunu Vaşinqtonun göstərişi ilə etdiklərini düşünürəm. Vaşinqton bunun yanlış qərar olduğunu hesab edirsə, hər hansı bir bəhanə ilə ondan imtina etsin”, - deyə Vladimir Putin bildirib.
Ukrayna ərazisi üzərində Rusiyanın nəzarətini tanımasının NATO üçün alçaldıcı olacağını düşünüb-düşünmədiyi barədə Taker Karlsonun sualına cavab verən Rusiya lideri alyansın bunu ləyaqətlə etmək haqqında düşünməli olduğunu vurğulayıb: “İstək olsa, variantlar var”.
“Qərb indiyədək Rusiyanın strateji məğlubiyyətinə, döyüş meydanında uduzmasına nail olacaqları barədə danışırdı... Lakin indi bunun asan olmadığını görürlər və bu, heç vaxt baş verməyəcək. İndi isə nə edəcəkləri barədə düşünsünlər. Biz bu dialoqa hazırıq”, - deyə Rusiya Prezidenti bildirib.