METBUAT.AZ

Dünya

Qəzza zolağında 650 min insanın evsiz qalıb

9 Fevral 2024 16:23

OCHA-nın Qəzza zolağındakı vəziyyətlə bağlı dərc etdiyi gündəlik hesabatda bölgədəki dağıntılar barədə məlumat verilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 7 oktyabr 2023-cü ildən bəri İsrailin davam edən hücumları səbəbindən Qəzza zolağında 650 min insanın evsiz qaldığını bildirib. İsrailin Qəzzadakı yaşayış yerlərini hədəf alan hücumları səbəbiylə bölgədə təmizlənilməsi lazım olan 12 milyon ton dağıntının meydana gəldiyi qeyd edilib.

Hesabatda bildirilib ki, 650 mindən çox insanın dönəcək evi olmadığı təxmin edilir. İnfrastrukturun zədələnməsi və partlayıcı qalıqların yaratdığı risklər səbəbiylə bir çox insan evlərinə qayıda bilməyəcək.

İsrailin hücumları səbəbindən təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağında 1,9 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Köçkün fələstinlilərin çoxu Qəzzanın cənubunda yerləşən və İsrailin son vaxtlar hücuma başlamaq üçün siqnallar verdiyi Rəfah bölgəsinə sığınıb. Rəfaha sığınan mülki vətəndaşların çoxu qalmağa yer tapa bilmədiklərindən müvəqqəti çadırlardan ibarət düşərgələrdə sağ qalmaq üçün mübarizə aparır.

Fələstin mənbələri İsrail ordusunun qurudan, havadan və dənizdən hücumuna məruz qalan Qəzza zolağında 70 min evin tamamilə dağıldığını, 290 min evin isə qismən zədələndiyini və yararsız hala düşdüyünü bildirib.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.