5 Fevral 2024 14:32
Yoluxucu xəstəliklərlə mübarizə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, xəstəliklərin aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə payız-qış mövsümündə Azərbaycan ərazisində qızılca xəstəliyinə qarşı profilaktik tədbirlərin tərkib hissəsi olaraq TƏBİB-in tabeli tibb müəssisələri daxilində sanitariya-gigiyena tədbirlərinin və qızılcaya qarşı epidemioloji nəzarətin gücləndirilməsinin həyata keçirilməsi təcili və təxirəsalınmaz tibbi yardım və yoluxucu xəstəliklər şöbələri üstünlük verilməklə təmin edilir.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
"Qızılca xəstələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində çeşidlənməsi, müalicəsi, ağırlaşmaların idarə olunması, köçürülmələri və çarpayı fondunun idarə olunması, əlaqədar şöbələrin tibbi avadanlıqlarla, sərfiyyatla təmin edilməsi həyata keçirilir.
Bakı, Sumqayıt və regionlarda qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin (böyüklərin) stasionar müalicəsi məqsədilə Sabunçu Tibb Mərkəzinin strukturunda olan “Məhəmmədi müvəqqəti modul tipli xəstəxana kompleksi”ndə 270 çarpayıdan ibarət şöbə təşkil edilib.
Eyni zamanda rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrində, həmçinin N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında (uşaqların) da qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin müalicəsi aparılır", - deyə əlavə edilib.
Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.