16 Fevral 2024 21:02
Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin məhkəməsi davam etdirilib.
Metbuat.az-ın məlumatına görə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Razin Əliyevanın anası Xadijat Quliyeva dindirilib.
O, qızının döyüldüyünü təsdiqləyib:
"Qızımı 1 ay idi ki, görmürdüm. Mən Ziyanı heç vaxt görməmişəm. Həmin gün ilk dəfə gördüm və mənə çox mehriban münasibət qurdu. Razi həmişə narazılıq edəndə mən çox vaxt Ziyanın tərəfini saxlayırdım. O mənə qızımı sevdiyini deyirdi. Qızım narazılıq edəndə, soruşdum ki o, səni döyürmü? O isə cavabında bildirdi ki, döymür, sadəcə de ki, mənə toxunmasın. Amma sonradan gördüm ki, Razi üzündəki izləri gizlətmək üçün daha çox kosmetikadan istifadə edib. Razi, Ziya ilə arasında olan hər şeyi məndən gizlədirdi. Qızımın rəfiqəsi mənə dedi ki, artıq Razi ilə Ziya arasında münasibətlər yaxşı deyil və onlar ayrılıblar. Qızım sonradan qorxusundan öz evində yox, mənim evimdə qalmağa başladı. Ziya gəlib evimin qapısını möhkəm döydü və Razini görmək istədi, amma mən qapını açmadım. Səhəri gün isə biz Türkiyəyə getdik. Qızımın18 yaşında maşını "Kia Sportage", ikinci maşını isə "Range Rover" idi. Üçüncü maşını "Mercedes CL" oliub. Avtomobilləri Ziya yox, qızım özü alıb. Çünki Razi özü kifayət qədər yaxşı qazanırdı. Ziya sadəcə onunla həmin avtomobili almaq üçün birlikdə gedib".
Şahid qismində ifadə verən Rəşad Quliyev bildirib ki, hadisənin baş verməsi haqqında məlumatsız olub. Onun sözlərinə görə, o, evakuator xidmətində işləyib:
"Bizə zəng gəldi ki "Mercedes CL" markalı avtomobil xarab olduğundan, onu Lökbatanda "tarqovıy" deyilən əraziyə aparmaq lazımdı. Həmin gün mən işdə olmadığım üçün qardaşıma yönləndirdim".
Şahid Elvin Nağıyev isə Raziyyat Əliyevaya maşını Ziya Hüseynzadənin aldığını bildirib. Onun sözlərinə görə, həmin avtomobil "TT Avto" adlı salondan alınıb.
Ziya Hüseynzadə isə deyib ki, zərərçəkmiş Razi Əliyeva ilə üzləşmək istəyir. Çünki onun hər sözündə kifayət qədər sübutları var.
Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.
Xatırladaq ki, hadisə bu ilin mayında baş verib. Belə ki, iş adamı Ziya Hüseynzadə keçmiş model sevgilisi Raziyyat (Razi) Əliyevanı döyərək ona hədə-qorxu və şantaj etməkdə təqsirləndirilib.
Belə ki, model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb.
Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlanıb.
Qeyd edək ki, Z.Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.