24 Fevral 2024 19:14
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının törədildiyi ərazidə olub.
Metbuat.az xəbər verir ki, Ombudsman faciənin törədildiyi ərazidə Xocalıda soyqırımı ilə bağlı məlumat verib.
"Xocalı sakinləri sərt iqlim şəraitində fevralın 25-dən 26-na keçən gecə sərt coğrafiyası olan ərazidən keçərək üzü Ağdama gedən zaman Əsgərandan onları görüb pusquya salan erməni millətçiləri, erməni hərbi dəstələri tərəfindən yalnız etnik mənsubiyyətləri, azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetiriliblər. 600-dən çox soydaşımız, aralarında qadın, uşaq, qoca olmaqla bu ərazidə qətlə yetiriliblər. Təəssüf ki, Xocalı sakinləri arasında bu günə qədər itkin düşən şəxslər də var. Onların taleyi haqqında bu gün də heç bir məlumat ala bilmirik", - Səbinə Əliyeva bildirib.
Ombudsmanın sözlərinə görə, təəssüf ki, Xocalı faciəsini törədənlər hələ də məsuliyyətə cəlb olunmayıblar: "Mən bu fürsətdən istifadə edərək bütün müvafiq qurumlara, dünya ictimaiyyətinə səslənirəm - Xocalı soyqırımında əli olan şəxslərin dərhal məsuliyyətə cəlb olunmasında bizə dəstək olsunlar".