1 Fevral 2024 16:39
Şəhid anasına və digər şəxslərə qarşı dələduzluqda ittiham edilən Nuranə Orucova və Sabrina Süleymanovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Metbuat.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkili çıxış edərək zərərçəkmişlərə vurulan zərərin tam ödənildiyini deyib və bu barədə qəbzi məhkəməyə təqdim edib.
Dəymiş ziyan tam ödənildiyi üçün zərərçəkmişlər təqsirləndirilənlərdən şikayətçi olmadıqlarını deyiblər və barışıq ərizəsi məhkəməyə təqdim edilib.
Daha sonra prokuror Samir Məmmədov çıxış etmək üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə iclası fevralın 8-də davam etdiriləcək.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında aparılan araşdırmalar zamanı məlum olub ki, Xaçmaz rayon sakini Nuranə Orucova həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vədlər verib. Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. Onlar vətəndaşlara qarşı ümumilikdə 20 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinirlər.
N.Orucova və Sabrina Süleymanova şəhid anası Zabilə Musayevaya qarşı da dələduzluqda ittiham olunurlar. N.Orucova Vətən müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək onu inandırıb ki, oğlu sağdır və əsirlikdədir. N.Orucova Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə Z.Musayevadan 4000 manat pul alıb.
Təqsirləndirilən şəxslər istintaq müddətində vətəndaşlara vurduqları ziyanın 12 min manatını ödəyiblər.
Xatırladaq ki, Əliheydər Hüseynli Vətən Müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının uğrunda gedən döyüşlərdə iştirak edib. O, Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı həlak olub. Şəhid “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.