12 Fevral 2024 14:39
Onunla tanışlığımız təsadüf nəticəsində oldu. O qədər ürəkdən ifa edirdi ki, kimliyi ilə maraqlanmaq həvəsim bir anda artdı. Qəlbi musiqi ilə döyünən bu gəncin ruhu oxuduğu mahnılara həbs olunub. Uzun illər həyatında bir çox sahələrdə uğur qazansa da, musiqiyə olan eşqi bir qram da azalmayıb, daha da artmaqda davam edib.
Adı yerli ulduzlar arasında da tanış olan haqqında danışdığım gənc müğənni Elmir Qurbanovdur. Söhbətimiz əsnasında Elmir dedi ki, dinləyicilərini dostları hesab edir. Elmirin Metbuat.az-a olan eksklüziv müsahibəsini təqdim edirik:
Elmir xoş gördûk. Müsahibə üçün razılıq verdiyinə görə təşəkkür edirəm. Səni oxucularımıza necə təqdim edək?
Dəvətin üçün təşəkkür edirəm. Xoş gördük, Gülbəniz.Qeyri-adi təqdimata ehtiyac yoxdur. Sadəcə Elmir Qurbanov.
Mən səninlə söhbət əsnasında öyrəndim ki, əvvəllər musiqidən uzaq tamam fərqli bir sahədə çalışmısan. Bəs, nə baş verdi ki, həyatında belə bir seçim edib mügənniliyə başladın?
Hər zaman mənim həyatımda musiqi olub. Bəlkədə damarlarımda qanın musiqi ilə axdığını desəm, yanılmaram. Gənc yaşlarında mən peşəkar olmasa da musiqi ilə məşqul idim. Bir müddət sonra bunu peşəkar formada etməyə başladım. “Native one” qrupu ilə əməkdaşlıq edirdik. Demək olar o qrupdakı uşaqları da mən bir yerə toplamışdım. Bir çox uğurlu işlərimiz oldu. Sonra düşünürəm, aramızda anlaşılmazlıqlardan irəli gələrək işbirliyimiz alınmadı. Bilirsən, mənim konkret hədəflərim var idi. Mən toy müğənnisi deyildim. Əsla toya gedən müğənnilərə qeyri-adi baxmıram. Amma mənim də bir yolum var idi. Ona görə, solo fəaliyyətimi başlamaq qərarına gəldim. Ümumiyyətlə, musiqi kimi məni sağaldan heç nə, heç kim yoxdur.
Bilirəm ki, bir çox tanınmış şirkətlərlə marketinq planlaması, SMM mütəxəssisi və s, bu kimilayihələrdə uğurlu işlərin olub. Hətta bu gün də sənə böyük şirkətlərin marağı var, axtarıb iş təklifləri edirlər. Hazırda Azərbaycanda bu sahəyə böyük var. Bəs bu işin 3 əsas vacib qaydasını soruşsaq hansıları sadalayardın?
Uğurlu, məhsuldar iş üçün düzgün komanda seçimi vacibdir. İşinə sevgisi və marağı olan hər kəs uğura doğru addım atacaqdır. İdeya bu işin açarıdır. Şəxsi fikrin olmalıdır, təkrarlanmayan ideyaların diqqəti cəlb edəcəkdir. Və ən vacib məqam dünya görüşüdür. Hər kəsin fantaziyası onun dünya görüşündən qidalanır. Hazırda marketinq sahəsində bu insanlara ehtiyac var.
Bilirsən, çoxlarımız da təsdiq edər ki, bir işə başlayanda mane olan kimlərsə ətrafda olur. Sən sənətə gələndə ayağına tikan kimi batan, arzularından uzaqlaşdıran şəxslər olubmu?
Bu sual birbaşa musiqidən uzaq düşməyə səbəb olanları xatırladır. Bilirsən Gülbəniz, insanın şansı ola bilər, amma onun ətrafında dəstək verənlər yoxdursa, daima neqativ enerji ilə motivasiyasına kölgə salırlarsa bu, səni məqsədlərindən uzaqlaşdıra bilər.
Mənim həyatımda ən yaxınım sənətimin inkişafına mane oldu. Bu barədə danışmaq oxucularınızda yalnış fikirlər yarada bilər. Mən istəmirəm ki, fanatlarım, dinləyicilərim bu haqqda bilsinlər. Amma heç birimiz göründüyümüz qədər xoşbəxt olmuruq. Hər birimizin həyatında düşüb çıxdığı günlər, aylar hətta illər olub. Mən də aldığım o zərbələrdən sənətimdən uzaqlaşmalı oldum.
Bu gün də onlar var və olacaqlar da. Amma indi daha qəti addımları və məqsədləri hədəf seçmişəm. Elmiri hər kəs tanıyacaq. Mənim sənətim üçün edəcəklərim qabaqdadır. Kainatda məni musiqidən uzaqlaşdıra biləcək yalnız bir insan var, o da özüməm.(Gülür)
Elmir görürəm bu suallar səni kövrəldir, keçmişə aparır. Amma təbii ki, hər çətin anımızda ayağımıza iynə kimi batanlarla yanaşı dəstək verənlərimiz də olur. Səni yenidən musiqiyə qaytaran, bu yolda dəstək verən kim oldu?
Əgər söhbət maddi dəstəkdən gedirsə, heç kim bu yolda əlimdən tutmayıb. Şükürlər olsun, öz ayaqlarım üzərində durmağı bacarmağı çoxdan öyrənmişəm. Amma mənəvi dəstəyi mən anam və bacımdan almışam. Onlar məni yenidən dünyaya qaytaranlar olub. Hətta mən “hər şey bitdi” dediyimdə də onlar mənə inandılar. Bu baxımdan mən çox xoşbəxtəm. Hər kəs belə şanslı olmur.
Bəs dostlar? Bildiyim qədər səni yerli ulduzlar, produserlər, bəstəkarlar arasında tanıyanlar çoxdur. Hətta söhbətimiz əsnasında onlardan birinin sənə “Elmir, səndən heç bir şey olmayacaq” deyə atmacası da olmuşdu.
Mənim qəlbimin deyil, pulumun dostları çox olub. Ona görə də mən bir zərbə almışam. Amma yaxşı dostlarıma verilmiş bir sözüm də var. Bir gün o qədər məşhur olacağam ki, onların adını da uğurumla yanaşı çəkəcəyəm. Ömür boyu minətdaram olacağım şəxslərdən biri dəLəman Əsgərovadır.Mənə bu musiqi dünyasının, sözün müsbət mənasında, neçə bucaq olduğunu göstərib. Təcrübə qazanmağımda böyük dəstəyi olub. Ona təşəkkür edirəm.
Musiqi sənin üçün bir həvəsdir, yoxsa bu sahə ilə bağlı konkret uzunmüddətli planların var?
Düzdür, mən bir dəfə sənətimə uzunmüddətli fasilə verməli olmuşam. Amma indi tam əminliklə deyə bilərəm ki, musiqi mənim üçün artıq bir həyatdır. Mən həyatımdan vaz keçə bilmərəm. Düşünürəm ki, son nəfəsimə kimi musiqi, sənətim mənimlə birlikdə olacaqdır.
Elmir, hazırda gənc nəslin musiqi duyumunu necə qiymətləndirirsən?
Bilirsən, bu konkret seçim məsələsidir. Bəzən xoş bir təəccüb hissi ilə,bəzən gözlərimi bağlayıb, başımı yelləyərək “Axı niyə” dediyim olub. Amma nə edə bilərik, bu yazılmamış qanunlara daxildir. Zövq məsələsi müzakirə edilməyəcək qədər dərindir.
Elmir səsinin tembrında fərqlilik var. Bu sahədə daha da inkisaf etmək üçün vokal dərsləri almağı düşünürsənmi?
Təbii ki. Əfsanəvi Rast qrupunun solisti Lamiyə Kərimova ilə danışıqlar gedir. Ümidvaram, məni qəbul edər. Çünki musiqi təhsili önəmlidir, lakin hər şey deyil. Çalışacağam ki, səsimin daha çox kütləyə xitab etmə imkanlarını yaxşılaşdırım.
Hazırda kimlərlə çalışırsan?
Hazırda musiqiçi, aranjimançı və səs prodüseri Camal Qurbanovla çalışırıq. Biz onunla 2015-ci ildən tanışıq. Mən onu işinin “əjdaha”sı adlandırardım. O mənə peşəkar səhnədə olmağı xatırladan insanlardan biridir. Eyni zamanda Tufanla, "Cırtdan Pro"nun yaradıcısı Fərid Əhmədovla işbirliyimiz var.
Sənin səsində bir çox dillərdə mahnılar dinləmişəm. Deyərdim ki, uğurlu alınır. Planların arasında musiqi yarışmalarına qatılmaq varmı? Xüsusən de “Evrovision”da iştirak barədə düşünürsənmi?
Bu mənim çoxdan rəfə qoyduğum tozlanmış arzularımdan biridir. Buna səbəb ailəmdə hələ sənətimin əvvəlində mənə qarşı edilən qadağalar idi. Bilirsən Gülbəniz, vaxtı gələndə o toz da arzularımın üzərindən təmizlənəcək.
Avroviziya kimi bir yarışda iştirak etmək böyük bir arzu olsa da, mənim planlarımın arasında olmayıb. Hələki buna hazır deyiləm. Amma xarici ölkələrdə keçirilən tanınmış yarışlarda iştirak etməyi planlaşdırıram.
Elmir bir çox gənc müğənnilər özlərini təsdiq etmək üçün xaricə xüsusən də qonşu Türkiyə və Rusiya şou biznesinə üz tuturlar. Bu istiqamətdə planların varmı?
Rusiya şou-biznesi haqqında olmasa da, Türkiyə hər zaman planlarımda olub. O məqsədimə çatmağıma da az qalıb. Seçiləcəyimi, uğur qazanacağımı bilirəm. Lakin öncə ölkəmdə tanınmaq istəyirəm.
Bir gün geniş kütləyə xitabən konsert vermək barədə düşünürsənmi?
Təbii ki, planlarımızda çox maraqlı layihələr var. İşimdə idealist olduğum üçün hər detalı fikirləşməliyəm. O konsertlər mütləq bir gün baş tutacaq. (Gülür)
Məşhur olmaq üçün türk müğənnilərlə duet planlaşdıran həmkarların çoxdur. Sənin belə bir arzun, planın varmı?
Əlbəttə, duet etmək istədiyim türk və rus müğənnilərin sayı çoxdur. Türklərdən Mabel Matiz, "Son Feci Bisiklet" qrupu, Teoman, Kalben ilə bu barədə işbirliyimizin olmasını istəyərdim.
Rus müğənnilərindən isə “ЁЛКА/ЯВЪ” (eyni insandırlar lakin 2 ayrı layihədir), “ПИЦЦА” qrupu ilə belə bir layihə üzərində çalışmaq arzumdur.
Son işin “Depo” adlanır. Niyə “Depo”, və necə yarandı bu layihə?
Əslində bu bir təsadüfdür. “Toufan Studio” ilə yeni bir rus dilində “cover” çıxarmaq üçün səsyazmalara başlamağa getmişdim. Söhbətimizin əsnasında qapıdan içəri Camal Qurbanov daxil oldu. Onunla kiçik bir anlaşılmazlıq yaşamışdıq. Elə oradaca barışdıq və mənə bu mahnını mənə göstərdi.
Mahnı qarşılıqsız sevgimə həsr olunub. Tərzindən tutmuş “mood”una, səsləndirilməsi, sözlərin, oxunuşuna məni o anda cəzb etdi. Camala bu mahnını istədiyimi dedim və o da hədiyyə etdi.
Elmirin səsi olmasaydı o, hansı sənətin sahibi olardı?
Neqativ insanların, intriqaların və qeybətin daha az olduğu bir peşə seçərdim. Bir peşə adı çəkəsi olsam – özümü moda sahəsində görürəm. Hər hansıda bir moda jurnalının kreativ direktoru və ya” freelance” olaraq bir neçə şəxslə dəb məsləhətçisi kimi çalışmaq istəyərdim.
Elmir zaman ayırıb, suallarıma cavab verdiyin üçün təşəkkür edirəm. Uğurların çox olsun.
Mən də sənə və bu imkanı yaratdığına görə “Metbuat.az” saytına təşəkkür edirəm.
Gülbəniz Hüseynli / Metbuat.az