METBUAT.AZ

Siyasət

Sərhəddəki təxribat kimin sifarişidir? –

13 Fevral 2024 16:04

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədib. Fevralın 12-də ESQ-nin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Baş verənlərlə bağlı millət vəkili Azər Badamov Metbuat.az-a açıqlamasında bildirib ki, şərti sərhəddə atəşkəsin pozulması sıradan bir əmrə tabe olmamaq halı deyil. Millət vəkili düşünür ki, şərti sərhəddə baş verən təxribatlar Avropa İttifaqının binokolçularının planının tərkib hissəsidir:


“Bildiyiniz kimi, bir neçə gün idi ki, Avropa İttifaqının binokolçuları aktivləşərək Ermənistan tərəfindən ərazilərimizə baxıb selfi çəkirdi. Onlar şərti sərhəddə mövqelərimizi atəşə tutdurmaqla Azərbaycan Ordusunun bölmələrini təxribata çəkmək istəyirlər.

Sonra da həmin kadrları lentə alaraq hesabatlar hazırlayıb, Azərbaycana qarşı öz çirkin niyyətlərini həyata keçirdəcəklər. Azərbaycan hələ də Ermənistanın bu təxribatlarına baş qoşmur, cavab qaytarmaqla şərti sərhəddə sakitliyi qoruyub saxlamaq mövqeyində dayanıb”.

Millət vəkili qeyd edib ki, əgər erməni təxribatlarının miqyası genişlənib, ərazilərimizə qarşı təhlükə kimi qiymətləndirilərsə onlar çox ciddi cavabla qarşılaşacaqlar:

“Ermənistan bilməlidir ki, odla oynamaq olmaz. Onlarla üzbəüz dayanan qalib Müzəffər Azərbaycan əsgəridir. Ermənistan bizi yeni müharibəyə məcbur edərsə, bu, onlar üçün çox baha başa gələcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.