27 Fevral 2024 12:56
Bu ilin Su çərşənbəsinin havası əvvəlki illərin hava şəraiti ilə müqayisədə daha aşağı temperaturdadır.
Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, bu gün - Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 7 dərəcə, Aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
“Son illərin statistikasına görə, Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında mülayim isti hava şəraiti müşahidə olunsa da, bu il havanın temperaturu bir qədər aşağıdır. Məsələn, 2018-ci ilin Su çərşənbəsində Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 10 dərəcə isti, 2019-cu ildə 12 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 10 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə isə 16 dərəcə isti olub. Bu gün isə 7 dərəcəyədək isti müşahidə olunur”, - deyə o vurğulayıb.