17 Fevral 2024 12:52
“Azərbaycan fəaliyyətini imzalanmış birgə sənədlər, konstitusiya, milli maraqları çərçivəsində qurur. Ona görə də kim harada, nə səsləndirilməsindən asılı olmayaraq, rus kontingent 2025-ci ilin noyabrında Azərbaycan ərazilərini tərk edəcək”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, Rusiyanın Azərbaycanda müvəqqəti yerləşdirilməsinin son müddəti birgə bəyanatda öz əksini tapıb:
“Bu müddət 2025-ci ilin noyabr ayının 10-da başa çatır və bu müddətin uzadılması mümkün deyil. Çünki rus kontingentinin Azərbaycan ərazilərində yerinə yetirəcək vəzifə və funksiyaları artıq qalmayıb. Bu funksiyaları Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri Ali Baş Komandanın rəhbərliyi altında öz imkan və potensialları hesabına həyata keçiriblər”.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a açıqlamasında bildirib ki, Moskva sülhməramlılarının Qarabağda olması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək. Qaluzinin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin 2025-ci ilin noyabrından sonra uzadılması regiondakı vəziyyətdən, onların gələcək mövcudluğu tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq.
Gülbəniz Hüseynli / Metbuat.az