28 Fevral 2024 15:49
Respublikanın tanınmış alimi, Azərbaycan Memarlıq və İnşaat Universiteti Fizika kafedrasının sabiq müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Tahir Musa oğlu Pənahov fevralın 28-də 88 yaşında vəfat edib.
Metbuat.az bildirir ki, bu barədə universitet məlumat yayıb.
Alim 10 iyun 1936-cı ildə Qərbi Azərbaycanın Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub.
Yaşadığı kənddə orta məktəb olmadığından 1955-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd orta məktəbinə gedib, həmin məktəbi fərqlənmə ilə bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti - ADPU) fizika-riyaziyyat fakültəsinə qəbul olub.
1960-cı ildə ali məktəbi müvəffəqiyyətlə başa vuran Tahir Pənahov təyinatla Politexnik İnstitutunun Fizika kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb. 1962-ci ildə baş müəllim vəzifəsinə yüksəlib. O, 1966-cı ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1989-cu ildən isə professor elmi adını alıb.
Onun ən böyük xidmətlərindən biri AzMİU-da 1991-ci ildə "Metal və ərintilər fizikası" ETL-nin açılması təşəbbüsü olub. Laboratoriyada elmi baza üçün EPR, universal optik və maqnito-optik qurğuları, maqnit və elektrik xassələri ölçmək üçün digər qurğular tələbə və müəllimlərin istifadəsinə verilib. Alimin təklifi ilə 1991-ci ildə universitetdə "Metallar fizikası" istiqamətində ixtisas açılıb, növbəti mərhələdə Materiallar fizikası kafedrasında bakalavriat və magistratura istiqaməti üzrə kadr hazırlığı aparılıb. "Metallar fizikası" sahəsi üzrə məktəb yaradan professor AzMİU-da çalışdığı müddət ərzində yüksək ixtisaslı mühəndis kadrların hazırlanmasında əhəmiyyətli rol oynayıb.
Görkəmli elm adamının gördüyü işlər təkcə universitetlə məhdudlaşmır. Professor 2002-ci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbdə tədris və elmi işlər bölməsində əvəzçi işləyib, Azərbaycan Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin köməyi ilə təhsildə bir sıra məsələlərin yerinə yetirilməsinə və elmi əsərlərin çap edilməsinə yaxından köməklik göstərib.
Tahir Pənahov Zabrat Oksigen Zavodunda böyük laboratoriya işə salmış, laboratoriyanı müasir avadanlıqlarla təchiz etmiş, cihazların işləmə qaydalarını hazırlamış və kadrla təmin edib. Havadan azot, oksigen, arqon və hidrogenin alınma texnologiyası, maye və qaz halında kimyəvi, fiziki xassələri dəqiq təhlil etməklə satışda müsbət nəticə alıb.
Alim 60-dan çox beynəlxalq və respublika elmi konfransında məruzələrlə çıxış etmiş, 20-dən çox müəlliflik şəhadətnaməsi və patentin, ixtiranın, 360-dan çox elmi məqalənin, 15 monoqrafiya, dərs vəsaiti və metodiki vəsaitin müəllifidir. O, həmçinin istehsalatla bağlı 18 elmi-tədqiqat işi tövsiyə edib. Alim arqon qazının qarışıq qazlardan ibarət daha keyfiyyətli arqomiks qazı qaynaq istehsalında tətbiq edib, yeni ixtira kimi patent alıb. O, metal və ərintilər sahəsində yeni istiqamət yaratmış Azərbaycanın əsas alimlərindən biri idi.
Metbuat.az