23 Fevral 2024 12:26
“Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfərinin qardaş Türkiyəyə olması qardaşlıq əlaqələrinin təzahürüdür”.
Bu açıqlamanı Metbuat.az-a millət vəkili Cavid Osmanov edib. Millət vəkili bildirib ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib:
“Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.
Ölkə başçısı bəyanatında qardaş Türkiyənin Vətən müharibəsinin ilk saatlarından Azərbaycana siyasi-mənəvi dəstək verdiyini xatırlatdı. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat vermişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda ölkəmiz işğalda olan ərazisinin böyük hissəsini azad etmişdi və bütün 44 gün ərzində Türkiyə Azərbaycanın yanında idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra ölkəmizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı”.
Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr barədə danışan Cavid Osmanov xüsusilə vurğulayıb ki, enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır:
“Ölkələrimizin ticarət dövriyyəsi sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il ölkəmizdən Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Qeyd edim ki, Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur”.
Gülbəniz Hüseynli / Metbuat.az