9 Fevral 2024 14:35
“Seçkilər gözlənildiyi kimi Prezident İlham Əliyevin qəti və inamlı qələbəsi ilə başa çatdı. Bu Ali Baş Komanda İlham Əliyevə yüksək etimadın, son 20 il ərzində aparılan xarici və daxili siyasətə dəstəyin və həyata keçirilmiş işlərə görə Prezidentə sonsuz minnətdarlığın ifadəsi idi”.
Metbuat.az-ın məlumatına görə, bu fikirləri deputat Cavanşir Feyziyev deyib. 2003-cü ildən etibarən ölkədə həyata keçirilən sistemli islahatlar barədə danışan millət vəkili xatırladıb ki, bu müddət ərzində aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bir çox beynəlxalq sənədlərdə öz əksini tapmışdı.
“2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi və keçən ilin sentyabrında Xankəndiyə bayrağımızın asılması İlham Əliyevi istənilən seçkilərdə alternativi olmayan lider etdi. Bu qədər böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev nəinki ölkə daxilində, həm də dünya liderləri arasında ən çox sevilən və rəğbət bəslənilən dövlət başçılarından biridir. Düşünürəm ki, İlham Əliyevin növbəti 7 il üçün prezident seçilməsi öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün uğurlu başlanğıcdır:
Qarşıda Azərbaycanın sülhün əldə olunması, azad olunmuş torpaqlara Böyük Qayıdış, qaçqın soydaşlarımızın Ermənistana öz doğma torpaqlarına qaytarılması kimi nəhəng vəzifələr durduğunu qeyd edən Cavanşir Feyziyev düşünür ki, xalqımız belə taleyüklü məsələlərin həyata keçirilməsini yalnız İlham Əliyevə etibar edə bilərdi:
“Hesab edirəm ki, bizi yeni nailiyyətlər və yeni qələbələr gözləyir. Cənab İlham Əliyevə qarşıdan gələn illərdə də möhkəm can sağlığı və Azərbaycan naminə göstərdiyi bütün fəaliyyətində yeni nailiyyətlər arzulayıram. Onun hər bir uğuru bütöv Azərbaycanın və bütün Azərbaycanlıların uğurudur. Uğurlarımız davamlı və daimi olsun!”- millət vəkili əlavə edib.
Gülbəniz Hüseynli / Metbuat.az