METBUAT.AZ

Ölkə

11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb -

4 Mart 2024 15:14

Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

"Məlumat daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb və həmin təhsil müəssisəsində araşdırma aparılıb. Azyaşlı şagirdin erkən nikaha cəlb olunması barədə hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında məlumat yayıb. O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları qeyd olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən də bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.


metbuat.az.