METBUAT.AZ

Dünya

Adları çəkilməsə də, terrorun arxasında onların əli var -

27 Mart 2024 12:49

"Belə ehtimallar dolaşır ki, Moskvada baş vermiş terror hadisəsində elə ermənilərin də əli var".

Bunu Metbuat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, bu terror qruplaşmalarından alət kimi istifadə edən dairələr mövcudur:

"Əlbəttə ki, bu qruplaşmalar özbaşına yaranmır. Terror təşkilatlarını həm yaradanlar var, həm onlara istiqamət verənlər, həm də onları maliyyələşdirənlər. Bunlar heç də zəif qruplaşmalar deyil, əksinə, təsir dairəsi geniş olan siyasi partiyalar var burada, birliklər var. Məqsədləri odur ki, terroru öz alətlərinə çevirib bu və ya digər ölkələrdə xaos yaratsınlar".

Moskvada baş verən son terror hadisəsi barədə danışan politoloq bildirib ki, aparılan bağlı araşdırmalardan sızan məlumatlara görə, hadisədə erməni izi var:

"Üzdə görünən taciklər ola bilər, digər Orta Asiya xalqları ola bilər. Lakin arxa planda olanlar axı heç vaxt özlərini göstərmirlər, çalışırlar öz planlarını üzdə olanların əli ilə həyata keçirsinlər. İndi Ermənistanın daxilində də terrorçu qruplar fəallaşıblar. Hətta Qərb nümayəndələrinə, o cümlədən, ABŞ vətəndaşlarına təhdidlər yağdırırlar və bu barədə erməni mətbuatı yazır.

Onlar təbii ki, çalışırlar özlərini ruspərəst kimi göstərsinlər, amma elə deyil. Onlar muzdlulardır, imkanlı dairələrin resurslarından istifadə edərək proseslərə atılırlar. Ola bilər ilk baxışdan belə görünmür, amma sızan məlumatlara görə, arxa planda olanlar arasında ermənilər də var. Erməni terroru dünyanın politoloji leksikonunda artıq rəsmiləşmiş termindir. İlk dəfə 1983-cü ildə ABŞ-də çıxan "Foreign Policy" jurnalında "erməni terroru" termini rəsmən dövriyyəyə buraxılıb və ermənilər də bunu inkar etmir".

Qeyd edək ki, “Crocus City Hall” konsert zalında martın 22-də terror aktı törədilib. Son rəqəmlərə görə, hadisə 139 nəfərin ölümünə, 182 nəfərin yaralanmasına səbəb olub.

Cavidan Mirzəzadə / Metbuat.az


metbuat.az.