29 Mart 2024 20:43
Qoyunçuluq və arıçılıq təsərrüfatlarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilib.
Metbuat.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.
Təsərrüfatlarını azad olunmuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək aprelin 1-dən etibarən qeydiyyatdan keçə bilərlər.
Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq.
Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.