8 Mart 2024 12:59
“Respublikamızda bütün sahələrdə qadınlarımız fəaliyyət göstərir, dövlətə layiqli xidmət edirlər. Dünyada ana adını Azərbaycan qadını qədər uca tutan heç kəs ola bilməz”.
Bu açıqlamanı Metbuat.az-a professor, milli məclisin deputatı Kamilə Əliyeva edib. Tarix boyu Azərbaycan qadınının dövlətinə sədaqəti və sadiqliyi ilə seçildiyini vurğulayanm millət vəkili bildirib ki, prezident cənab İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırıb:
“Cənab Prezident hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qisminə fəxri adlar verir, digər qrupunu Azərbaycanın orden və medalları ilə təltif edir.
Azərbaycanın müstəqil dövlət quruculuğunda qadınlarımız böyük fədakarlıq, qəhrəmanlıq nümayiş etdiriblər. Ölkəmiz müstəqillik qazandıqdan sonra da Azərbaycan xanımları ölkənin inkişafında, tərəqqisində böyük rol oynayır. Qadınlarımız ölkənin ictimai siyasi həyatında, dövlət quruculuğu işlərinə böyük töhfələr verirlər. Tarix boyu Azərbaycan qadını öz Vətəni uğrunda savaşlarda iştirak etmişdi. Birinci və ikinci Qarabağ müharibəsində də Azərbaycan qadını böyük şücaət və qəhrəmanlıq göstərib.
Dünyada əsrlər boyu dövlətçiliyi olan bir çox ölkələrdən əvvəl Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilb. Azərbaycan dilinin qorunması, milli dəyərlərimizin bu günə qədər saf və təmiz şəkildə gəlib çıxması, milli irsimiz olan şifahi xalq ədəbiyyatının qorunub saxlanması, ağbirçək analarımızın müdrikliyi sayəsində olub”.
Ölkəmizdə qadınların dövlət siyasətindəki fəaliyyətinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən millət vəkili xatırladıb ki, ümummilli lider bütün sahələrdə qadınlara xüsusi yer ayırırdı. Deputat deyib ki, Heydər Əliyev dövlət quruculuğunda qadınların rol oynamasına xüsusi diqqət ayırırdı.
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz bacarığı, liderlik xüsusiyyətləri ilə dünyada Azərbaycan qadınının nüfuzunu qaldırdı. Bu gün Mehriban xanım yorulmadan fədakarlıqla bütün dünyada Azərbaycan mədəniyyətini təbliğ edir. Mehriban xanımının xidmətidir ki, bu gün Azərbaycan muğamı bütün dünyaya səs salıb, Azərbaycan xalçaları dünyanıheyrətə gətirib. Məhz Mehriban xanımın sayəsində bir çox milli- mədəni irsimiz ümümdünya irs siyahısına daxil edilib. Mehriban xanımın bütün dünyada həyata keçirdiyi humanitar aksiyalar sayəsində Azərbaycanın dostlarının sayı hər gün artmaqdadır. Mehriban xanımın başçılıq etdiyi Heydər Əliyev Fondu yarandığı vaxtdan dünyada Azərbaycanın humanitar və mədəni, diplomatik nümayəndəsi missiyasını yerinə yetirir. Mehriban xanım Azərbaycan qadınının mərhəmət və xeyirxahlıq, yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir”.
Kamilə Əliyeva xüsusilə qeyd edib ki, torpaqlarımızın bir hissəsinin işğal altında olduğu vaxt Azərbaycan qadını gənc nəslin milli ruhda böyüməsi və tərbiyə olunması işini şərəflə daşıdı:
“Azərbaycan xanımı Zəfər uğrunda övladlarını şəhid verdi, amma sınmadı. Dövlətimiz şəhid analarını hər zaman uca tutur. Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində bu gün Azərbaycan qadınının cəmiyyətdə nüfuzu artmaqdadır. Ölkəmizdə qanunverici, icraedici orqanlarda, məhkəmə, hüquq-mühafizə sistemlərində qadınlarımız dövlətə, xalqa şərəflə xidmət etməkdədir. Qəbul edilmiş bu qanunlar bir daha sübut edir ki,qadınlarımız hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq hər zaman dövlət qayğısı ilə əhatə olunmuşlar”.
Gülbəniz Hüseynli / Metbuat.az