METBUAT.AZ

Gündəm

Azərbaycanda 13 minə yaxın vətəndaşın oğurlanmış kart məlumatları

6 Mart 2024 17:30

Azərbaycanda kiberdələduzluq nəticəsində 13000-ə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının alınması və baş vermiş kiberhücumların araşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

ETX Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının da üzv olduğu yerli kibertəhlükəsizlik startapı olan “Cypho” ilə birlikdə sosial şəbəkələrdə ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən kiberdələduzluq hallarını araşdırıb.

Araşdırma nəticəsində son iki ay ərzində kiberdələduzların ələ keçirdiyi 13 000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib. Əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq.

ETX vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir. Həmçinin bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.


metbuat.az.