27 Mart 2024 13:10
Hər il Dünya Bankı tərəfindən işləyən qadınların əmək münasibətləri ilə bağlı formalaşmış normaların tətbiq səviyyəsi göstəricilərini ehtiva edən qadınlar, biznes və hüquq hesabatı dərc edilir.
Sözügedən hesabatda ölkəmizin reytinqinin yüksəldilməsi məqsədilə Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Azərbaycanda işləyən qadınların hüquqları barədə Metbuat.az-a açıqlama verən Vətəndaş Tədqiqat və İnkişaf İB-nin sədri Günel Səfərova bildirib ki, burada əsas məsələ qadınlara bərabər hüquqların təmin olunması ilə yanaşı, bərabər imkanların verilməsidir:
“Təəssüflər olsun ki, ailə həyatı qurduqdan sonra bəzi qadınlar təhsilin növbəti pilləsini dayandırıb karyera imkanlarını ertələyirlər. Nəticədə, praktikada, işdə və təcrübə qazanmaqda problemlər yaşayırlar. Müasir dövrdə texnologiyanın sürətli inkişafı hətta bir neçə il bundan qabaq gündəmdə prioritet sayılan iş yerlərinin bazardan çıxmasına səbəb olur. Yeni bilik bacarıqları və səriştələr tələb edən iş sahələrinin olması bazarda qadınların işlə təmin edilməsini bir az da çətinləşdirir. Burada eyni zamanda da müəyyən streotiplər var. İdarəetmədə bizim çox yaxşı qadın idarəedici nümunələrimiz olmasına baxmayaraq vəziyyət hələ də ürəkaçan və kifayət qədər deyil. Biz hər zaman gənclərimizə və tələbələrimizə məsləhət görürük ki, onlar təhsillə yanaşı səriştə qazandıracaq müxtəlif könüllülük fəaliyyətlərinə qoşulsunlar”.
Ekspert hesab edir ki, bu məsələlərin kökü cəmiyyətin formalaşdırdığı dəyərlərə və eyni zamanda streotiplərə dayanır:
“Qadınlar uşaqların, evin qayğıları ilə məşğul olduğuna görə karyerasını ertələmək istəyirlər. Belə olan halda şirkət daha çox səriştəli kadrların seçimində maraqlı olacaqdır. Bu hal da gender bərabərliyinə birbaşa mane olan məqam sayılır. Ona görə də biz kişilərə də atalıq məzuniyyətinin verilməsini istəmişik. Nəticədə , ailədə valideynlərin hər ikisi qayğı, təlim, tərbiyə və s digər işləri də birlikdə aralarında bölüşdürəcəklər. Biz cəmiyyətdə qadınların iş mühitində olan bu yanaşmanı dəyişdirməyə çalışmalıyıq.
Qanunlarımız kifayət qədər universaldır, orada heç bir ayrı-seçkilikdən söhbət getmir. İcra mərhələsində və reallıqda tətbiq prosesində təəssüflər olsun ki, hələ də problemlər yaşayırıq”,- deyə ekspert qeyd edib.
Türkiyədə 20 ildən çox bankçılıq və pərakəndə satış sektorunda fəaliyyət göstərən və hazırda Azərbaycanda bir çox tanınmış şirkətlərlə çalışan təlimçi Ahmet Kandemir mövzu barədə Metbuat.az-a açıqlama verib. O bildirib ki, ümumiyyətlə qadınlar maddi baxımdan heç bir kişiyə möhtac olmamalıdır:
“Qadınların hüquqlarının nəyinki iş sferasında, hər bir sahədə qorunması vacibdir. Biz hər zaman deyirik ki, burada əsas məsələ qadınların təhsil alıb karyera qurmasıdır. İş yerlərində qadınlar kişilərlə müqayisədə daha məhsuliyyətli olurlar.
Azərbaycanın sosial-mədəni quruluşuna görə qadınlar hazırda gündəmi dəyişərək hüquqlarını tələb etməyə başlayıblar. Mən uzun illərin idarəçisi olaraq hər zaman düşünmüşəm ki, iş yerlərində qadınlar kişilərə nisbətən ön plana çıxmaqda daha tez müvəffəq olurlar. Onlar iş yükünü daha çox dərk edib, məhsuliyyətlərinin fərqində olurlar. Hesab edirəm ki, müəyyən zamandan sonra xüsusilədə “Z”nəslinin inkişafı nəticəsində qadınlar daha çox bu sahədə olan zəncirləri qırıb yeni bir baxış bucağı yaradacaqlar”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.