29 Mart 2024 13:15
Parlamentdə xidməti mənzillərdə yaşayan polislərə güzəşt təklif olunub.
Metbuat.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov çıxış edib.
Deputat bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsi zamanı polisimiz əsil fədakarlıq nümayiş etdirib. İkinci Qarabağ müharibəsində polisimiz arxa cəbhədə öz xidməti vəzifəsini fədakarcasına davam etdirsə də, Birinci Qarabağ müharibəsinin başlandığı ilk gündən əlinə silah alaraq ön cəbhədə düşmənlə vuruşaraq əsil qəhrəmanlıq göstərib: “Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş polis veteranlarımızın bir hissəsi bu gün də şərəflə xidmətlərini davam etdirirlər. Bu gün xidmətini davam etdirən veteran polislərimizin mənzillə təmin olunmayanların bir hissəsi xidməti evlərdə yaşayırlar. Amma müvafiq qanuna görə xidmət müddətini başa çatanda, yəni təqaüdə çıxanda onlar xidməti evlərini təhvil verməlidirlər. Bu da uzun illər sədaqətlə xidmət edən və mənzili olmayan polis ailələrini çətinliklə qarşılaşdırır. Veteran polislər xidmət müddəti başa çatandan mənzillə təmin olunana qədər xidməti mənzillərdə yaşamaqlarına davam etdirilməsinə imkan verilən bir dəyişikliyi müvafiq qanunda edilməsinin mümkünlüyünə baxılmasını xahiş edirlər".