5 Mart 2024 21:27
Xəbər verdiyimiz kimi, martın 4-də Türkiyənin Çanaqqala vilayətinin Yenice rayonunda zəlzələ baş verib. Bu haqda AFAD-ın yaydığı məlumatda deyilir ki, yeraltı təkanlar 4,9 bal gücündə olub. Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss edilib. Göründüyü kimi, Türkiyədə zəlzələ kabusu bitmək bilmir. Görəsən, bu zəlzələ növbəti güclü zəlzələnin xəbərçisi ola bilərmi? Qeyd etmək yerinə düşər ki, artıq bir ildən çoxdur ki, xarici və yerli seysmoloqlar İstanbulda dağıdıcı zəlzələnin olacağı ilə bağlı proqnozlar verirlər.
Metbuat.az xəbər verir ki, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı Musavat.com-a danışıb:
“Bundan əvvəl də demişdim, 2024-cü ildə zəlzələlər davamlı olacaq. Çünki biz o dövriliyi yaşayırıq. Bu il nəinki Azərbaycanda, dünya miqyasında güclü zəlzələlərin baş verməsi qaçılmazdır. Qazaxıstanda insanları təşvişə salan zəlzələ baş verdi, eləcə də Çanaqqalada, İranda baş verən zəlzələləri göstərmək olar. Bunlar mən dediyim məqamların göstəricisidir. 2024-cü il seysmik cəhətdən super bir il kimi yaddaşlarda qalacaq. Ümumiyyətlə, Türkiyə bir neçə tektonik blokun toqquşma nöqtəsində yerləşir. Plitələrin toqquşma nöqtəsi bir yana, burada bir neçə tektonik qırılmalar, faylar mövcuddur. Təbii ki, onların yerlərinin dəyişməsi, toqquşması zəlzələ yaranmasına bir təkandır. Çanaqqalada baş verən zəlzələ İstanbulda da hiss olundu. Zəlzələnin dəqiq yerini, gücünü, müddətini demək mümkün deyil. Müəyyən seysmik hadisələrin təhlili nəticəsində bəzi nüansları irəli sürmək mümkündür. Türkiyə, Azərbaycanda Xəzər dənizindən tutmuş, Türkmənistana qədər nəhəng tektonik blokdur, bu ölkələr o nəhəng tektonik blokun üzərində yerləşir. Bu meqablokun daxilində müxtəlif tektonik plitələr mövcuddur. Onların hərəkəti daha da intensivləşir, ələlxüsus da 2024-cü ildə. Ola bilməz ki, qonşu ölkələrdə aktivlik olsun, Azərbaycanda sabit durum hökm sürsün. Bu, fizika qanununa ziddir. Təbii ki, Azərbaycanda da hiss olunan (4-6 maqnitudalı) zəlzələ qaçılmazdır”.
Ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyədə, xüsusilə də İstanbulda zəlzələnin olması labüddür:
“Bu, bilinən sahələrdir. Çünki ora seysmoloji baxımdan dünyanın ən aktiv zonalarından biridir. Amma əvvəldən qısamüddətli zəlzələləri demək olmur. Orada güclü zəlzələ olacaq, yoxsa hissə-hissə olacaq, bunu da demək çox çətin məsələdir. Bunu demək üçün böyük tədqiqatların aparılması gərəkdir. Ümumiyyətlə, zəlzələni tədqiqatla da tapmaq imkansızdır. Düzünü desəm, İstanbulla bağlı çoxdandır ki, bəd proqnozlar verilir. Ən güclü zəlzələnin də İstanbulda olacağını gözləyirdik. Amma elm bu sahə qarşısında həddən artıq acizdir. Ümumilikdə Türkiyənin yerləşdiyi ərazi zəlzələ zonası sayılır. Xarici elmi jurnallarda, tədqiqatçıların məqalələrində xüsusi olaraq vurğulanır, xırda təkanların əhəmiyyəti ondan ibarətdir ki, bu yerin daxili enerjisini çıxarmaqda müəyyən rol oynaya bilir. Bununla da böyük sarsıdıcı zəlzələlərdən sığortalanmaq mümkün olur. Fikrimcə, bu məntiqlidir. Azərbaycan ərazisində ən çox zəlzələ Şamaxıda olub. Orada dörd zəlzələ olub ki, onların arasında müddət çox uzun olub. 1092 və 1667, gördüyünüz kimi fərq çoxdur. Yaxud 5-ci əsrdə ən güclü zəlzələlərdən biri Naxçıvanda olub. Aradakı məsafələr, zaman etibarilə sanki yığılmış enerji qəfil zəlzələyə səbəb olur. Amma hissə-hissə enerji çıxanda zəlzələ də güclü olmur. Bakıda da hər gün xeyli sayda zəif təkanlar olur, amma güclü zəlzələ çoxdandır ki baş verimir”.
Yeri gəlmişkən, Ankara Universiteti, Kocaeli Universiteti və Əskişəhər Texniki Universiteti birgə tədqiqat çərçivəsində Kayapa ilə Yenişehir arasındakı 25 nöqtədə seysmik ölçülər aparıb. Araşdırma nəticəsində Türkiyənin Bursa şəhərində əvvəllər xəritələrdə yer almayan, Kayapadan Yenişehirə qədər uzanan 95 kilometr uzunluğunda aktiv fay xətti aşkar edilib. Yeni kəşf edilən fay 7,3 bal gücündə zəlzələ yarada bilər. Mümkün zəlzələnin maqnitudasını hesablamaq üçün bölgədəki qırılma xəttinin gərginliyi və onun yaratdığı zəlzələlər araşdırılıb. Bursadakı tarixi zəlzələ qeydlərinə görə, son üç dağıdıcı zəlzələ 19 aprel 1850, 28 fevral 1855 və 11 aprel 1855-ci ildə baş verib. 1855-ci ildə baş verən zəlzələlərin mənbəyinin Kayapa-Yenişehir fayının qərb hissəsində olduğu bildirilib. Kayapa-Yenişehir fayının (KYF) Yenişehir hissəsində isə 1400-cü ildə baş verən zəlzələdən bu yana 624 ildir heç bir qırılma olmayıb. Fay xəttində qırılmanın olmaması da zəlzələ ehtimalını gücləndirir. Məlumata görə, KYF-nin 1855-ci il zəlzələlərində qırılmış qərb hissəsi bu gün 6,5-6,8 bal gücündə zəlzələlər törətmək gücündədir. 1855-ci il zəlzələlərində qırılmadığı təxmin edilən KYF-nin şərq hissəsi isə bu gün 6,9-7,3 bal gücündə zəlzələlər yarada bilər.