METBUAT.AZ

Hadisə

Bakıda əməliyyat -

7 Mart 2024 16:56

Səbaildə oğurluq, dələduzluq və digər cinayətlər edən 5 nəfər saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, paytaxtın mərkəzi küçələrinin birində yerləşən ictimai-iaşə obyektlərindən pul və mobil telefonların oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat daxil olub.

Həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Bədirov Kamran və qohumu 26 yaşlı Bədirov Səlim müəyyən edilərək saxlanılıblar. Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı bankomatlardan birinin qarşısında 91 yaşlı kişinin bank kartından oğurluq edən, əvvəllər məhkum olunmuş 44 yaşlı Əhmədov Elnur saxlanılıb.

E.Əhmədov etibardan sui-istifadə edərək bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən ahıl yaşlı şəxsin 650 manatını ələ keçirib, əvəzində isə zərərçəkənə saxta əskinaslar verib. 9-cu PB-si əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə üzərində odlu silah-sursat saxlayan, əvvəllər məhkum olunmuş Cavadov Bəxtiyar və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Hümbətov Taleh saxlanılıblar.

B.Cavadovdan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron, T.Hümbətovdan isə 1 kiloqram 220 qram heroin, 650 qram marixuana, 120 qram tiryək və 503 qram psixotrop maddə metamfetamin aşkar olunub.

Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.


metbuat.az.