18 Mart 2024 13:49
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının nəzdində fəaliyyət göstərən İslamşünaslıq elmi-tədqiqat mərkəzinin direktoru, professor Əsədulla Qurbanov vəfat edib.
Metbuat.az bildirir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd edək ki, Əsədulla Qurbanov 1936-cı ildə Balakən rayonunun Katex kəndində anadan olub. 1954-cü ildə Katex kənd orta məktəbini bitirib. 1961-ci ildə BDU-nun Şərqşünaslıq fakultəsinə daxil olub.
O, 1976-cı ildə fəlsəfə elmləri namizədi, 1978-ci ildə dosent, 1992-ci ildə fəlsəfə elmləri doktoru, 2002-ci ildə professor elmi adlarını qazanıb.
Görkəmli alim, tanınmış ictimai-siyasi xadim Əsədulla Qurbanovun tədqiqat sahəsi Azərbaycanda islamşünaslığın konsepsiyası olub.
O, 1957-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyində məsul əməkdaş işləyib. 1973–1978-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi, 1978-1984-cü illərdə isə Azərbaycan Dövlət və İncəsənət Universitetində dosent işləyib. 1984-cü ildən indiyədək BDU-da əvvəlcə dosent, sonra isə professor vəzifələrində çalışıb. 5 monoqrafiya, 10 kitabın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər namizədi, 3 elmlər doktoru yetişib.
Əsədulla Qurbanov “91-lər”in tanınmış nümayəndələrindən idi.
Seyranə Quliyeva / Metbuat.az