11 Mart 2024 16:44
Bir ailənin 3 üzvünü qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb.
Metbuat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən N. Səfərovun vəkili çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.
Daha sonra təqsirləndirilən Nofəl Səfərov son söz üçün məhkəmədən vaxt istəyib. Hakim Leyla Əsgərova-Məmmədova ona hazırlaşması üçün 15 dəqiqə vaxt verib.
Daha sonra hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Nofəl Səfərov ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Həmin gün saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9( təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3 (Quldurluq - zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) madələri ilə cinayət işi başlanılıb.
Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.