4 Mart 2024 11:38
"Məlumdur ki, Azərbaycan hərbçisi Ruslan Pənahov Laçın istiqamətində bir mövqedən digərinə getdiyi vaxt dumanlı havada azaraq Ermənistan tərəfə keçib və Ermənistan onu həbs edib. Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatı yayılıb, bildirilir ki, Azərbaycan-Ermənistan şərti sərhədində Azərbaycan hərbçisi əlində avtomat və bir avtomat darağı ilə Ermənistan sərhədini keçib. Əsas məqam ondan ibarətdir ki, Ruslan Pənahova qarşı azıb gəlmək deyil, onun təxribatla bağlı Ermənistana keçməsini və yaxud müəyyən diversiya hərəkətləri etməsi ilə bağlı cinayət işi qaldırıblar".
Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib. O bildirib ki, bizim əsgərlərimizə qarşı qeyri-humanist addımlar, hərbi qanunlara sığmayan hərəkətlər daim ermənilər tərəfindən edilib:
"Artıq Ermənistanın istintaq komitəsi bir neçə maddə ilə cinayət işinə başlayıb. Qanunsuz sərhədi keçmə, qaçaqmalçılıq, diversiya kimi bu və digər absurd maddələrlə ona qarşı cinayət işi qaldırıblar. Təbii ki, beynəlxalq strukturlar da buna öz fikrini bildirməlidirlər. Həmin sərhəddəki Avropa müşahidəçiləri ki var, onların təmsil etdiyi dövlətlər də müəyyən açıqlamalar verməlidirlər. Onların işi Azərbaycan ərazisini müşahidə edib, dövlətlərinə ötürmək deyil, eyni zamanda belə məsələlərə də ciddi rekasiya verməlidir. Azərbaycan tərəfindən də müvafiq addımlar atılır. Hər bir Azərbaycan vətəndaşının eyni zamanda Azərbaycan əsgərinin taleyi Ali Baş Komandan tərəfindən nəzarətdədir. Bu istiqamətdə də müvafiq addımlar atılacaq".
Deputat qeyd edib ki, Qırmızı Xaç Komitəsinin hələ də əsgərimizə baş çəkməməsinin bir neçə səbəbi ola bilər:
"Ola bilər ki, onlar azan əsgərimizə möhkəm işgəncələr verib və bunu Qırmızı Xaç Komitəsinin nümayəndələrinin görməsini istəmirlər. Digər məsələ yəqin ki, baş çəkmə məsələlərinə görə danışıq prosesləri gedir. Eyni zamanda ona qarşı qondarma cinayət məsələləri var. Ola bilər elə bir yerdə saxlanılır ki, Qırmızı Xaç Komitəsini ora buraxmaq fikirləri yoxdur".
Seyranə Quliyeva / Metbuat.az