METBUAT.AZ

Hərbi

Bu halda yenə müharibə olacaq -

19 Mart 2024 14:59

Ötən gün Prezident İlham Əliyev Ermənistanın 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi anti-terror əməliyyatlarından hələ də nəticə çıxarmadığını bildirib.

Metbuat.az bildiri ki, ölkə başçısının bu mesajı Ermənistanın sərhəd delimitasiyası və anklav kəndlərin qaytarılması istiqamətində ləng addımları ilə bağlı olub. Bəs görəsən Ermənistan anklavlarla bağlı hər hansı ciddi atmasa, yenidən hərbi eskalasiya baş verə bilərmi?

Mövzu ilə bağlı "Yenisabah.az"a danışan ehtiyatdan olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, əgər anklav kəndlər Azərbaycana qaytarılmasa, bu müharibəyə səbəb ola bilər:

“Bizə məxsus olan anklav 8 kəndin qaytarılması ilə bağlı Ermənistanla bir sıra müzakirələr gedir. Ölkə başçısının bu mesajı onunla bağlı idi ki, əgər davam edən mərhələ Ermənistan tərəfindən sülh sazişinin daxilində həll olunmasa, yəni kəndlər Azərbaycana qaytarılmasa, müharibə səbəbi ola bilər. Əslində, Ermənistanın özündə də bununla bağlı ciddi müzakirələr var və onlar ehtiyatlanırlar ki, Azərbaycan bu dəfə də öz haqlı tələblərini güc yolu ilə təmin edə bilər. Necə ki, biz 30 il işğal altında saxlanılan torpaqlarımızın 2020-ci ilin 27 sentyabrına qədər sülhlə qaytarılması ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdik. Nəticəsi İkinci Qarabağ müharibəsində Ermənistanın çox böyük itkilərlə başa gəldi. Eyniylə 2020-ci ilin 8-9 noyabrından 2023-cü ilin 19-20 sentyabrından qədər Azərbaycan Ermənistandan Qarabağdakı qeyri-qanuni birləşmələri çıxarması ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq qarşı tərəf bunu etmədi. Yenə də 2023-cü ilin sentyabrında 1 günlük anti-terror əməliyyatları nəticəsində bizim bu tələbimiz hərbi qüdrətimiz hesabına yerinə yetirildi”.

Polkovnik nəticənin Ermənistanın davranışına uyğun formalaşacağını qeyd edib:

“Ermənistan bu hərbi döyüşlər ərzində şəxsi heyyətin itkiləri ilə yanaşı, 6 milyarda yaxın hərbi-texniki itkisi ilə nəticələndi. Üçüncü mərhələdə də Ermənistan Azərbaycana məxsus anklav kəndləri qaytarmasa, bu Azərbaycan üçün müharibə səbəbi ola bilər. Ona görə də, Ermənistan anklavlarla bağlı daha dəqiq və qərarlı olmalıdır. Bu məsələdə müharibə ritorikası o zaman bitəcək ki, Ermənistan sülh sazişini imzalamağa qərarlı olacaq. Hazırda müzakirələr gedir və düşünürəm ki, Ermənistan bu məsələləri sülh sazişinin içərisində həll etsə, biz növbəti mərhələyə keçə bilərik. Əks təqdirdə, vəziyyət ya atəşkəş, ya da müharibə vəziyyətinə çevirilə bilər. Nəticəni biz Ermənistanın davranışına uyğun görəcəyik”.


metbuat.az.